Bazar və bazar ertəsi günü İran Azərbaycanı daxil olmaqla İranın bir çox bölgəsində işçilər və təqaüdçülər piket və aksiya təşkil ediblər. Bəzi şəhərlərdə isə, əlil vətəndaşlar öz tələblərini səsləndirmək üçün etiraz mitinqi keçirib.
Bazar günü əlil vətəndaşlar Ərdəbil, Tehran, Qum və Ərak kimi şəhərlərdə aksiya təşkil edərək tələblərinin yerinə yetirilməməsinə etiraz bildiriblər.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, mitinqlərdə, əlilliyi olan vətəndaşlara dəstək qanununun 27-ci maddəsinin icra edilməməsinə etiraz edilib.
"27-ci maddəyə əsasən, dövlət ağır əlilliyi olan və heç bir işi və ya gəliri olmayan vətəndaşlar üçün yaşayış müavinəti müəyyən etməli və bunu illik büdcə qanunlarına daxil etməlidir. Yaşayış müavinəti minimum əməkhaqqına bərabər olmalıdır. Ancaq təqribən 6 il əvvəl qəbul edilmiş əlilliyi olan vətəndaşlara dəstək qanununun lazımi icra zəmanəti yoxdur. Hökümət builki büdcə tənzimləmələrində bu qanuna məxsus büdcə vəsaitini ləğv edib," deyə, İLNA-nın xəbərində qeyd edilib.
SEE ALSO: İran Azərbaycanında aksiya zamanı saxlanılan onlarla kəndlinin həbsi davam edirHRA agentliyi və İran İşçilərinin Azad Birliyinin məlumatına görə, bazar günü həmçinin Təbrizdə Mis Sənaye Şirkətinin təqaüdçüləri etiraz mitinqi təşkil ediblər. Ərdəbil şəhərində isə bir qrup memar və mühəndis vilayətin Şəhərsalma İdarəsinin qarşısında aksiya keçirib.
Bazar ertəsi günü isə İran telekommunikasiya şirkətinin təqaüdçüləri Təbriz, Zəncan, Tehran və Ərak daxil olmaqla, ölkənin bir çox vilayət mərkəzində aksiya və yürüş keçirməyə davam ediblər.