İranın ali ruhani lideri deyib ki, Tehran və Vaşinqton arasında 2015-ci ildə imzalanmış nüvə sazişini canlandırmaq səylərinin dalana dirəndiyi bir şəraitdə ölkənin nüvə infrastrukturu toxunulmaz qalsa, Tehranın nüvə işi ilə bağlı Qərblə razılaşma mümkün olacaq.
Tehran və Vaşinqton arasında altı böyük dövlətlə nüvə sazişini xilas etmək üçün aylarla davam edən dolayı danışıqlar sentyabr ayından dayanıb və hər iki tərəf bir-birini əsassız tələblər irəli sürməkdə ittiham edib.
Ayətullah Əli Xameneyinin şərhi təsdiqi həm Tehran, həm də Vaşinqtonun sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıracağı müvəqqəti razılaşmaya yaxınlaşdıqları barədə xəbəri təkzib etməsindən bir neçə gün sonraya təsadüf edir.
Dövlət mediasına görə, Xameneyi deyib: "(Qərblə) razılaşmada səhv bir şey yoxdur, lakin bizim nüvə sənayemizin infrastrukturuna toxunmaq olmaz".
ABŞ Dövlət Departamentinin sözçüsü Xameneyinin sözlərini konkret şərh etməkdən imtina edərək, Bayden administrasiyasının ABŞ-ın "İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməməyə sadiq olduğu" mövqeyini təkrarlayıb.
"Biz inanırıq ki, diplomatiya bu məqsədə yoxlanıla bilən və davamlı əsasda çatmağın ən yaxşı yoludur, lakin prezident eyni zamanda açıq şəkildə bildirib ki, biz heç bir variantı masadan qaldırmamışıq", o, hərbi əməliyyatların mümkünlüyünə işarə edərək deyib.
"Biz İran liderinin açıqlamalarının mahiyyətini xarakterizə etməyəcəyik", sözçü əlavə edib.
2015-ci il sazişi beynəlxalq sanksiyaların ləğvi müqabilində Tehranın nüvə silahı inkişaf etdirməsini çətinləşdirmək üçün İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətini məhdudlaşdırır.
ABŞ Prezident Donald Tramp 2018-ci ildə paktdan çıxaraq İran iqtisadiyyatını çökdürən sanksiyaları bərpa edib. Bu da Tehranı tədricən sazişin nüvə məhdudiyyətlərindən xeyli kənara çıxmasına gətirib çıxarıbvə ABŞ, Avropa və İsrailin İranın atom bombası əldə edə biləcəyi ilə bağlı qorxularını artırıb.
İranın illərdir ki, rəsmi mövqeyini təkrarlayan Xameneyi deyib ki, İslam Respublikası heç vaxt nüvə bombası hazırlamağa cəhd etməyib.
"Tehranın nüvə silahı əldə etmək istəməsi ilə bağlı ittihamlar yalandır və onlar bunu bilirlər. Biz dini inanclarımıza görə nüvə silahı istəmirik. Əks halda, onlar (Qərb) bunu dayandıra bilməzdilər", Xameneyi deyib.
Bütün dövlət məsələlərində son sözə sahib olan Xameneyi bildirib ki, ölkənin nüvə hakimiyyətləri “təhlükəsizlik tədbirləri çərçivəsində” BMT-nin nüvə nəzarəti orqanı ilə işləməyə davam etməlidir. Bununla belə, Xameneyi İran hakimiyyətini Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) “həddindən artıq və yalan tələblərinə” boyun əyməməyə çağırıb və əlavə edib ki, İranın sərtxətt tərəfdarı parlamenti tərəfindən 2020-ci ildə qəbul edilmiş qanuna hörmət edilməlidir.
Qanuna əsasən, Tehran sanksiyalar aradan qaldırılmasa, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə obyektlərində yoxlanışlarını dayandıracaq və uranın zənginləşdirilməsini gücləndirəcək.
Keçən ay BAEA İranla mübahisəli məsələlərlə bağlı məhdud irəliləyiş, o cümlədən Tehranın keçən il ləğv etdiyi 2015-ci il paktı çərçivəsində ilkin olaraq tətbiq edilmiş bəzi monitorinq avadanlıqlarının yenidən quraşdırılması barədə məlumat yayıb.