Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin sabiq maliyyə attaşesi 6 il həbsə məhkum edilib

Iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın Koreya Respublikasındakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovu 6 il həbsə məhkum edib. Osmanovun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs olunub.

Sabiq attaşe külli miqdarda mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında günahladırılır.

Osmanov təqsirli olduğunu, əməlindən peşmançılıq keçirdiyini deyib. O, mərc oyunlarının aludəçisi olduğu üçün bu yola əl atdığını bildirib.

İttihama görə, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min manat vəsaiti internet üzərindən mərc və qumar oyunlarına yönəldib.

Ödəniş tapşırıqlarını səfirə möhürlətdirib təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib.