Ruslan İzzətli: Türkiyənin Cənubi Qafqazda güclənməsi Türkiyədən daha çox Azərbaycandan aslıdır

Ruslan İzzətli

Siyasətçi Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində Türkiyə seçkilərinin regional təsirlərindən danışıb.

Amerikanın Səsi: Rəcəb Tayyip Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra Ankaranın xarici siyasətində beynəlxalq münasibətlərdə baş verən proseslərə uyğun hansısa dəyişikliklər edəcəkmi?

Ruslan İzzətli: Rəcəb Tayyip Ərdoğanın son beş illik xarici siyasətinə baxsaq həm Qərblə, həm türkdilli ölkələrlə, həm də Rusiya ilə münasibətləri isti saxlamağa çalışır. Bir də Yaxın Şərqin bir çox ölkələri var ki, onlarla münasibətlər çox mənfidir. Xüsusilə də Səudiyyə Ərəbistanı, Misir, İsraillə ilə münasibətləri deyə bilərik. Son dövrlər isə bu ölkələrlə münasibətlər müsbətə doğru gedir. Düşünmürəm ki, köklü hər hansı bir dəyişkiliklər olsun. Eyni xarici siyasət davam edəcək. Düzdür bu seçki kampaniyası dönəmində Ərdoğan və onun rəsmiləri Qərbə qarşı çox kəskin bir dildən istifadə etdilər. Bu hər zaman seçki kampaniyası dönəmində daxili auditoriyaya yönəlik Ərdoğanın istifadə elədiyi ritorikadır. Yenə də Qərblə münasibətlər davam edəcək.

Amerikanın Səsi: Müşahidəçilər Azərbaycan iqtidarının və ictimaiyyətinin böyük hissəsinin Ərdoğana münasibətinin müsbət olduğunu bildirir. Bu gələcəkdə iki dövlət arasında müttəfiqlik münasibətlərinin hansısa sahələrdə daha dərin inteqrasiyasına səbəb ola bilərmi?

Ruslan İzzətli: İkinci Qarabağ müharibəsindən sonra təbii ki, Ərdoğana Azərbaycan ictimaiyyətinin münasibəti daha da müsbət oldu. Ümumiyyətlə Türkiyə-Azərbaycan münasibətləri hər zaman müsbət olub. Müxtəlif dönəmlərdə diplomatiyada müəyyən krizislər olub. Nisbətən soyuq münasibətlər yaranıb. Bu Ərdoğan dönəmində də olub. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə münasibətləri daha da inkişaf edən bir xətt üzrə irəliləyib. Bu münasibətlər bu cür də davam edəcək. Amma Türkiyə-Azərbaycan münasibətlərinin bir çox sahələrdə strateji olması və ortaq addımların artması, bu Türkiyədən daha çox Azərbaycan tərəfindən atılacaq bir addımdır. Amma sual yaranır. Cənubi Qafqaza Türkiyənin daxil olmasına və Azərbaycanın Rusiyadan kənar Türkiyə ilə istər hərbi sahədə, istər digər sahələrdə və ortaq addımların atılmasını Azərbaycan hakimiyyəti istəyirmi? Bu cür addım ata bilərmi? Bu əsas suallardan biridir. Çünki İkinci Qarabağ müharibəsindən sonra gördük ki, müqavilədə masada Türkiyə yoxdur. İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin monitorinq qrupu gəldi. Amma siz üç ildə həmin monitorinq qrupunun hər hansı bir açıqlamasını görə bilməzsiniz. Çünki daha çox orada təsiredici qüvvə Rusiyadır. Biz isə istəyirik ki, Türkiyə regiona gəlsin. Cənubi Qafqaza təsir edəcək bir ölkə olsun. Bu həm də Türkiyənin özünün daha da demokratikləşməsindən keçir. Qərblə daha sıx münasibətlərdən keçir. Bu həm də Azərbaycanın demokratikləşmə və Rusiyadan qopmasından keçir. Yəni Türkiyənin bölgədə güclənməsi Türkiyədən daha çox Azərbaycandan aslıdır.

Your browser doesn’t support HTML5

Ruslan İzzətli: Türkiyənin Cənubi Qafqazda güclənməsi Türkiyədən daha çox Azərbaycandan aslıdır

Amerikanın Səsi: Türk dövlətləri arasında bundan sonra əməkdaşlığın dərinləşməsini necə görürsünüz? Bu iqtisadi inteqrasiyaya və təhlükəsizlik qurumlarının yaradılmasına apara bilərmi?

Ruslan İzzətli: Biz türkdilli dövlətlərin siyasi idarəetməsinə baxanda görürük ki, daha çox Rusiyadan aslı ölkələrdir. Orta Asiya da iqtisadi cəhətdən Çindən aslıdır. Siyasi cəhətdən Rusiyadan, iqtisadi cəhətdən Çindən aslı türkdilli dövlətlər Türkiyə ilə münasibətləri isti saxlayır. Bu həm Türkiyənin, həm Azərbaycan hakimiyyətinin təbliğ etdiyi kimi, bir türk birliyi yaranacaqmı? Bu türk birliyi həqiqətən bölgədə müstəqil siyasət apara bilən beynəlxalq təşkilata çevriləcəkmi? Bu sual altındadır. Mən düşünürəm ki, indiyə qədər keçirilən bu zirvə görüşləri bu cür davam edəcək. Daha uzağa gedən addımlar atılmayacaq. Daha istər iqtisadi, istər hərbi yöndə, istərsə də gömrük sahəsində ciddi ortaq addımlar atılacağını düşünmürəm. Çünki adını çəkdiyimiz türkdilli dövlətlərin demək olar ki, hamısı siyasi cəhətdən Rusiyadan, iqtisadi cəhətdən Çindən aslıdır. Onlar istəməz ki, burada türk dövlətlərin bir ittifaqı yaransın və müstəqil xarici siyasət aparılsın.

Amerikanın Səsi: Formalaşmaqda olan yeni dünya düzənində Türkiyənin yerini necə görürsüz? Ankara Avroatlantika və Avrasiya qütbləri arasında hansı səmtə meyllənəcək və yaxud hər iki istiqamətdə bərabər məsafələnərək müsəlman əhalisini əhatə edən geniş Yaxın Şərq - Şimali Afrika məkanında liderliyi əl almağa çalışacaq?

Ruslan İzzətli: Türkiyə NATO-nun üzvüdür. Qərblə münasibətləri var. Təbii ki, bununla paralel olaraq Rusiya ilə ikitərəfli münasibətlər qurmaq istəyir. Bununla paralel olaraq Orta Asiya ölkələri ilə münasibətlər qurmaq istəyir. Yaxın Şərq ölkələri ilə ikitərəfli münasibətlər qurmaq istəyir. Bu normaldır. Hətta Avropa Birliyi ölkələrinin bəzilərinə baxsaq Avropa Birliyinin özünün bir ümumi olaraq xarici siyasəti, bir baxışı var. Fransanın, Almaniyanın digər ölkələrlə ikitərəfli münasibətlərində isə tamam bir fərqli baxışı var. Mən Türkiyənin Avrasiya İttifaqına üzv olub, o ittifaqda olub dünya düzənində Qərblə qarşı-qarşıya gələcəyini düşünmürəm. Çünki iqtisadi cəhətdən Türkiyə Qərbin bir parçasıdır. Qərbə qarşı çıxmaqla sabah iqtisadi və ya siyasi sanksiyalarla üz-üzə gələ bilər. Həm də türk toplumu ona getməz. İllərlə NATO-nun ən böyük ordusu olan ölkədir.