Israil şirkəti Azərbaycanda 50 adda tibbi məhsul istehsal edəcək

"BioPharmax" şirkətinin və TƏBİB-in rəhbərləri (Mənbə: TƏBİB)

Ələt Azad İqtisadi Zonasında İsrailin "BioPharmax"ın Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır.

Bu barədə mayın 31-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən olan "BioPharmax"ın rəhbər heyəti ilə görüşdə bildirilib.

Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

TƏBİB-in məlumatına görə, görüşdə "BioPharmax" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktorları Ramal Şalmiyev, Yossi Tzabari, "BioPharmax Group"un direktoru Yakov Kobi Shriki və şirkətin digər məsul şəxsləri iştirak ediblər.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, səhiyyə sahəsində İsrail-Azərbaycan arasında sıx əlaqələr qurulub.

"Əczaçılıqda İsrailin güclü sənaye potensialının mövcudluğu, məhsullarının keyfiyyəti, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsi, innovasiyaların geniş tətbiqi də bizim üçün çox önəmlidir və bu amillərin qarşılıqlı əməkdaşlıqda faydalı olacağına inanıram", Qurbanov qeyd edib.

"BioPharmax" şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin TƏBİB-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

"Biofarmaks Afezco" şirkəti yerli istehsal, eləcə də biofarmasevtik məhsulların ixracı üçün beynəlxalq qabaqcıl biotexnologiyaların tətbiqini həyata keçirir" , o qeyd edib.

"BioPharmax Afezco" isə 2022-ci ildə yaradılıb. İsrail və dünya biotexnoloji şirkətləri ilə əməkdaşlıq edir. Şirkətdə insulin, peyvəndlər və IV məhlulların istehsalı üzrə qlobal standartlara uyğun qabaqcıl istehsal zavodu qurulacaq, məhsulların Azərbaycanda və bütün MDB ölkələrində satışı planlaşdırılır. Şirkət Azərbaycanı regionda biofarmasevtika mərkəzinə çevirmək öhdəliyi götürmüşdür", "BioPharmax" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktorları Ramal Şalmiyev bildirib.

Xatırladaq ki, mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri çərçivəsində "Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb.