Urmiyə və Kəleybərdə işçilər və təqaüdçülər piket keçirib

Kəleybər, Şərqi Azərbaycan vilayəti

İran Azərbaycanında Urmiyə və Kəleybər şəhərlərində təqaüdçülər və işçilər məişət vəziyyətləri ilə əlaqədar etiraz aksiyaları keçiriblər.

İran İşçilərinin Azad Birliyinin məlumatına görə, Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində Nefelinli Siyenit Şirkətinə çalışan işçilər bir müddətdir başlatdıqları etiraz aksiyalarını bazar və bazar ertəsi günlərində də davam etdiriblər.

İşçilər müqavilələrinin yenilənməməsi, maaş və digər ödənişlərinin gecikməsi, habelə sığorta və digər hüquqlarının yerinə yetirilməməsinə etiraz edirlər.

Kəleybər Nefelinli Siyenit Kompleksi müxtəlif plitələr, keramika, çini, şüşə və boyaların keyfiyyətli materiallarını istehsal edir.

"Piket keçirən işçilərin nümayəndəsi deyib ki, işçilərin tələblərinə diqqət yetirilmədiyi təqdirdə, bundan sonra baş verəcəklər ilə bağlı dövlət cavabdeh olacaq," İşçilərin Azad Birliyinin xəbərində qeyd edilib.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi isə bildirib ki, İran telekommunikasiya şirkətinin təqaüdçüləri Urmiyə, Tehran və Məşhəd daxil olmaqla, ölkənin bir çox vilayət mərkəzində aksiya və yürüş keçirməyə davam ediblər.