Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə Moldovanın paytaxtı Kişinyovda yenidən bir araya gələcək. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə yanaşı Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaq.
Aİ Şurasının prezidenti Şarl Mişel Twitter hesabında Kişinyovda Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasına dair müzakirələrin davam etdirilməsini səbirsizliklə gözlədiyini, müzakirələrin tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləməsi, sərhədlərin delimitasiyası məsələsi üzrə irəliməsi, həmçinin sərhəd bölgələrində risklərin azaldılması üçün vacib olduğunu qeyd edib.
“İndi Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq mühüm əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqa çalışmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması vaxt alır. Cəsarətli qərarlar lazımdır”, Şarl Mişel qeyd edib.
Avropa İttifaqı bugün yaydığı bəyanatında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin son bir ayda intensivləşməsini alqışlayıb.
“Avropa İttifaqı hesab edir ki, danışıqların tempini qorumaq, sülh prosesini riskə atacaq addımlardan, o cümlədən düşmənçilik ritorikasından çəkinmək vacibdir. Çətin münaqişə tarixinə və keçmiş narazılıqlara baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir”, bəyanatda vurğulanır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin may ayının əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə danışıqlar aparmasından sonra, mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti üçtərəfli görüş baş tutub. Brüssel görüşündə tərəflər sərhəd məsələləri, nəqliyyat xətlərinin bərpası, humanitar məsələlər və keçmiş Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.
“Brüssel görüşündə liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanla (29,800 km2)Azərbaycanın (86,600 km2) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. Biz Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın sərhədlərin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olmasını alqışlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını da alqışlayırıq”, İttifaqın bəyanatında qeyd edilir.
Avropa İttifaqı qeyd edir ki, həssas məsələlər üzərində iş davam etdikcə, hərtərəfli normallaşma ilə bağlı bütün məsələlərdə həll yollarına nail olmaq üçün qarşılıqlı inam yaratmaq, xoş niyyət və liderlik nümayiş etdirmək vacibdir.
Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin də iştirakı ilə üçtərəfli formatda görüşüb.
Kişinyov görüşündən sonra tərəflərin iyul ayında Brüssel formatında yenidən bir araya gələcəyi gözlənilir.