Moskva məhkəməsi amerikalı jurnalistin həbsini daha 3 ay uzadıb

Mayın 23-ü Moskva Şəhər Məhkəməsi amerikalı jurnalist, The Wall Street Journal-ın Moskva müxbiri Evan Gerşkoviçin həbsini daha üç ay uzadıb.

ABŞ-ın Rusiyadakı səfirliyi jurnalistin həbs müddətinin uzadılmasından dərin narahatlığını ifadə edib. Səfirlik, həmçinin ötən həftə Evan Gerşkoviçi ziyarət etmək üçün müraciət etsə də, əssasız yerə imtina cavabı aldığını bildirib.

“Birləşmiş Ştatlar Rusiyanın cənab Gerşkoviçə konsulluq ziyarətinin davamlı olaraq rədd edilməsinə qəti etiraz edir. Bir daha bildiririk ki, ona qarşı irəli sürülən iddialar əsassızdır və Gerşkoviçin dərhal azad edilməsinə çağırırıq”, bəyanatda qeyd edilir.

Jurnalistlərin Mudafiəsi Komitəsi, Sərhədsiz Reportyorlar kimi beynəlxalq təşkilatlar da jurnalistin həbs müddətinin uzadılmasını pisləyib.

“Jurnalistlərin Mudafiəsi Komitəsi sadəcə jurnalist kimi öz işini yerinə yetirdiyinə görə artıq iki aya yaxındır Rusiya həbsxanasında saxlanılan Evan Gerşkoviçin həbs müddətinin uzadılmasını qətiyyətlə pisləyir. Rusiya hakimiyyəti Gerşkoviçi dərhal azad, ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməli və mətbuat nümayəndələrini işlərinə görə təqib etməyi dayandırmalıdır”, Komitənin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Gülnoza Said bildirib.

Sərhədsiz Reportyorlar təşkilatı Twitter hesabında “ədalətin ələ salınmasını” pisləyib və Evanın azad edilməsini tələb etdiklərini yazıb.

“Federal Təhlükəsizlik Xidmətinin tələbi ilə Moskva məhkəməsinin Evan Gerşkoviçin həbs müddətinin 3 ay uzatması institusional girov götürmənin davamıdır. Biz jurnalistə və onun ailəsinə tam dəstəyimizi veririk və bundan əl çəkməyəcəyik”, Sərhədsiz Reportoyların baş katibi Kristof Deluar qeyd edib.

Evan Gerşkoviç martın 29-u Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən casusluq ittihamı ilə saxlanılıb. O, soyuq müharibə dönəmindən bəri Rusiyada həbs edilən ilk amerikalı jurnalistdir.

Sərhədsiz Reporyorların indeksinə görə, Rusiyada hazırda 29 jurnalist həbsdədir.