Volodimir Zelenski Yaponiyanın Hiroşima şəhərində Böyük Yeddiliyin sammitində qonaq qismində iştirak edib. Qrup üzvləri Ukraynadakı müharibə ilə bağlı sammitin işçi sessiyasını çağırıb.
Ukrayna prezidenti cümə günü Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ərəb Liqasının sammitində çıxış etdikdən sonra Fransa təyyarəsi ilə şəhərə daxil olub və burada Rusiyanın təcavüzündən Ukraynanın özünü müdafiə etmək səylərinə dəstək istəyib.
Zelenskinin gəlişindən bir neçə saat sonra Moskva onun qüvvələrinin Ukraynanın şərqində, Zelenskinin qoşunlarının aylardır müdafiə etməyə çalışdığı şiddətli döyüşlər altında olan Baxmut şəhərini işğal etdiyini açıqlayıb.
Zelenski əvvəlcə Rusiyanın şəhəri nəzarətə götürdüyünü təsdiqləyib: "Bu gün Baxmut bizim qəlbimizdədir". Daha sonra o, Rusiyanın şəhərə tam nəzarəti ələ keçirmədiyini iddia edib.
Özünün məşhur kapüşonlu sviterini geyən Zelenski G7 liderləri, eləcə də Rusiyanın işğalını pisləməkdən imtina etdiyinə görə tənqid edilən Hindistanın baş naziri Narendra Modi ilə fərdi görüşlər keçirib.
ABŞ prezidenti Co Bayden Zelenski ilə görüşündə Ukraynaya 375 milyon dollar əlavə yardım ayıracağını açıqlayıb. Prezident “Ukraynanın döyüş qabiliyyətini gücləndirmək üçün daha çox döyüş sursatı artilleriya, zirehli maşınları ehtiva edən paket” veriləcəyini deyib.
Bayden bildirib ki, G7 Ukraynaya verdiyi dəstəkdə vahid qalacaq. "Biz tərəddüd etməyəcəyik. Putin düşündüyü kimi bizim qətiyyətimizi sındıra bilməyəcək” - deyə, Bayden Rusiya prezidenti istinadən əlavə edib.
Sammitin ilk günündə G7 Rusiyaya qarşı sanksiyaları, ixrac nəzarətini və Moskvanın onlardan yayınmasına kömək edənlərə qarşı sərt tədbirləri artırıb. Lakin Kyiv üçün ən böyük dəstək ABŞ-ın müttəfiqlərinə Amerika istehsalı olan F-16 döyüş təyyarələri verməyə və onları idarə etmək üçün ukraynalı pilotlara təlim keçməyə razılıq verməsidir.
Münaqişənin gərginləşməsindən narahat olan Bayden aylardır ki, Zelenskinin Ukraynanın əsasən Sovet dövründən qalma təyyarələrdən ibarət hazırkı donanmasını modernləşdirmək üçün döyüş təyyarələri tələbini təmin etməkdən imtina edirdi.