Mayın 19-da "Müsəlman Birliyi" Hərəkatının üzvü, Nardaran hadisələri zamanı həbs olunan Abbas Hüseynin yaxınları 7 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında etiraz aksiya keçiriblər.
Hüseynovun anası Rəhimə Hüseynova deyir ki, oğlu həbsdə mütəmadi olaraq işgəncəyə məruz qalır:
"Həbsxananın rəisi hər dəfə yalan danışaraq məni aldadıb ki, oğlumun vəziyyəti yaxşıdır. Lakin mənim oğlumu dəfələrlə pul üstündə döyüblər. Həbsxana rəisi 3000 manat pul istəyib. Oğluma azadlıq istəyirəm, onun işgəncəyə məruz qalmasına son qoysunlar".
Abbas Hüseynin bacısı Yasəmən Hüseynova bildirib ki, mayın 18-də qardaşı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
"Nizami Rayon Məhkəməsi qanunsuz olaraq onun 1 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul edib. 20 il azmış kimi, üstünə 1 il də artırıblar. Tələbimiz odur ki, həmin məhkəmənin qərarı ləğv olunsun, Abbasın təhlükəsizliyi təmin olunsun", deyə bacısı deyib.
Bacısının sözlərinə görə, 7 saylı Cəzaçəkmə Müəssisəsində Abbas Hüseyni əllərini dəmir çarpayıya bağlayıb döyüblər:
"Qabırğası əzilib, burnu sınıb. Anam onunla sonuncu dəfə Novruz bayramında görüşüb, qandallara görə əlləri gömgöy idi. Abbasla telefon danışığına, görüşlərə də icazə vermirlər. Biz tələb edirik ki, Abbasın hüquqları bərpa olunsun".
Mayın 16-da sosial şəbəkələrdə Abbas Hüseynə aid olduğu bildirilən səs yazısı yayılıb. Səs yazısında özünü Abbas Hüseyn kimi təqdim edən şəxs hər an onu ölüm təhlükəsi gözlədiyini bildirir.
"Hər an təhlükə altındayam. Bu gün olmasa sabah, sabah olmasa beş gün sonra, beş gün sonra olmasa da beş ay sonra məni öldürəcəklərinə şübhə etmirəm. Son beş ayda olduğum həbsxana rəhbərləri tərəfindən beş dəfə ən ağır şəkildə döyülüb işgəncələrə məruz qalmışam", deyə o qeyd edib.
Abbas Hüseynə aid olduğu bildirilən səs yazısında işgəncələr təsvir edilir.
"Əllərim arxadan qandallanıb yerə yıxılıb döyülmüşəm. Qollarım dəmir "koykaya" (çarpayı-red) bağlanıb işgəncələrlə döyülmüşəm. Baş vermiş qanunsuzluqlardan şikayət etmək üçün bir yol açılsın deyə hələ 7 saylı Cəzaçəkmə Müəssisəsində olarkən şikayət etmək tələbi ilə fevral ayında 11 gün su içməkdən imtina edərək aclıq aksiyası etmişəm. Çox çətinliklə şikayətlərimi lazım olan ünvanlara və şəxlərə göndərsəm də baş vermiş cinayət hallarına etinasız yanaşıblar", səs yazısında qeyd edilir.
Abbas Hüseynin anası Rəhimə Hüseynova Youtube kanalında yayılan səs yazısının oğluna aid olduğunu Amerikanın Səsinə təsdiq edib.
Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, mayın 16-da səhər iş vaxtı başlayandan Abbas Hüseynin sosial şəbəkələrdə yayılan müraciəti ilə tanış olublar.
"Təbii ki, onun əvvəlki müraciətlərinə də vaxtında reaksiya verib araşdırdığımız kimi bu müraciəti də araşdırılacaq", Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.
Penitensiar Xidmətdən Amerikanın Səsinin sorğusuna cavabda bildirblər ki, Abbas Hüseynin müraciəti ilə bağlı Penitensiar Xidmətin cavabı olmayacaq.
Baş Prokuroluğun Mətbuat xidməti Amerikanın Səsinin işgəncə ilə bağlı deyilənlərin araşdırılıb-araşdırılmaması məsələsinə, hələlik, cavab verməyib.
Abbas Hüseyn 2015-ci il noyabrın 26-da "Nardaran hadisələri" zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. O, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, ittihamların heç birini qəbul etmir, siyasi sifarişlə həbs olunduğunu bildirir.