“Günaybank”ın lisenziyası ləğv edildi

"Günaybank"ın loqosu (Rəsmi foto)

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günaybank"ın lisenziyasını ləğv edib.

Bu barədə mayın 17-də AMB məlumat yayıb.

Məlumatda deyilir ki, buna səbəb bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.

"Odur ki, "Banklar haqqında" qanuna əsasən, "Günaybank"ın lisenziyası ləğv edilib. Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin olunaraq onun idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib", məlumatda qeyd edilir.

"Günaybank"ın ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 %, kredit portfelində 1 %, öhdəliklərində isə 0,5 % təşkil edir.

"Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. "Günaybank" Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", Mərkəzi Bankın məlumatında deyilir.

2023-cü il aprelin 1-nə "Günay Bank"ın ümumi depozitlərinin həcmi 108 milyon 566 min manata bərabər olub.

AMB-nın məlumatına görə, bank üzrə sığortalanmış əmanətlər cəmi 38,5 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, qalan 70 milyon manat əmanətin aqibəti hələlik bəlli deyil.

"Günaybank" ASC 23 noyabr 1992-ci ildən fəaliyyət göstərir. Bankın nəzdində Müştəri Xidmətləri Departamenti, 10 filial, 4 şöbə və 4 valyuta mübadilə məntəqəsi fəaliyyət göstərirdi.

Əkrəm Həsənov (Mənbə:VOA)

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Amerikanın Səsinə bildirib ki, "Günaybank"ın lisenziyasının alınması üçün obyektiv səbəb yoxdur.

Your browser doesn’t support HTML5

Əkrəm Həsənov: "Günaybank"ın bağlanması inhisarçılıqla bağlıdır

"Bankın bağlanması Azərbaycanda bank sektorunda gedən inhsiarlaşma ilə bağlıdır. Belə ki, "Günaybank" Azərbaycanda ən kiçik banklardan biridir. Mərkəzi Bankın məlumatında da deyilir ki, bu bankın bağlanması bank sisteminə heç bir problem yaratmır. Əgər bank sisteminə heç bir problem törətmirsə bu bankı niyə bağlayırsan?" , o sual edib.

Ekspert dünya təcrübəsinə istinad edərək deyib ki, bank nəzarəti formal deyil, riskyönümlü olmalıdır.

"Formal tələb odur ki, deyirlər sənin 50 milyon manat kapitalın yoxdur, bunu düzgün saymayıbsan. Amma reallıqda "Günaybank" risk yaratmırdı. "Günaybank" ın heç bir əmanətçisi, müştərisi, depozitarı ilə heç bir problemi, məhkəmə çəkişməsi yoxdur. Amma, çoxsaylı böyük kapitala malik banklar var ki, problemləri çoxdur, işləri məhkəmələrdədir".

Ekspert deyib ki, Mərkəzi Bankın keçmiş sədri bir neçə il qabaq birdən-birə bankların nizamnamə kapitalını 5 milyon manatdan 50 milyon manatadək artırıb.

"Bu bank sektorunda rəqabət mühitnin sıradan çıxarılmasına, inhisarçılığın artırlmasına xidmət edir. Çünki Mərkəzi Bankın sədr müavini demişdir ki, bu, bankların sayının azaldılmasına xidmət edir. Doğrudan da son illlərdə bankların 60 faizindən çoxu sıradan çıxarılıb".

Həsənovun sözlərinə görə, "Günaybank"ın sığortalanmış əmanətlərini Əmənətlərin Sığortalanması Fondu kompensasiya edəcək.

"Qalan pullar sığortasızdır və o pullar sahibkarlara, şirkətlərə məxsusdur. Bu pullar ya az qaytarılacaq, ya da qaytarılmayacaq. Belə ki, fond bankın əmlakını satmalıdır, bankın verdiyi kreditləri qaytarmalıdır. Yəni bankın bütün aktivlərini pula çevirməlidir. Bundan sonra kreditorların arasında bölüşdürməlidir. Birinci kreditor fond özüdür. O, ilk olaraq sığortalanmış əmanətlərə verdiyi 38 milyonu özünə qaytaracaq. Halbuki "Günaybank" illər ərzində fonda sığorta haqqı ödəyib. Bu nəzərə alınmır. Sonra fond ləğvetmə prosesinə çəkdiyi xərcləri götürəcək. Nəhayət aktivlərin pula çevrilmiş hissəsindən nə isə qalsa onu sığortalanmamış əmanətlər üzrə qaytaracaq", ekspert belə düşünür.

Ekspert hesab edir ki, Mərkəzi Bankın belə qərarı kiçik kapitala malik bankların əmənətçiləri üçün bir mesajdır.

"Yəni siz əmanətlərinizi kiçik kapitallı banklara yönəltsəniz hər an risk yarana bilər. Beləliklə əmanətçilər kiçik banklardan əmanətlərini çəkərək inhisarçı böyük kapitala malik banklara yönəldəcək", o qeyd edib.

Məmməd Talıblı

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı bir qədər əvvəl Mərkəzi Bankın hesabatına istinadən Amerikanın Səsinə deyib ki, ümumiyyətlə bank sektorunda ciddi olaraq bir təmərküzləşmə tendensiyası hiss olunur.

"Ölkədə 25 bank var. Bunun ikisi dövlət bankıdır. Yerdə qalan 23 bankın içərisində isə xüsusi olkaraq 3 bank vardır ki, bunların bazar payı durmadan artır. 2019-cu illə müqayisədə ölkədə bank sektorunda, xüsusilə də bank kapitalının 65 faizi həmin o 3 bankın payına düşür. Ölkədəki depozitlərin cəmi 70 faizi məhz həmin 3 bankın üzərinə düşür. Ölkədə kredit portfelinin 48 faizi həmin o 3 bankla bağlıdır. Buradan çıxardığımız nəticə budur ki, ölkədə 3 bankın bazar payı sürətlə artır. Həm depozitlər, həm kreditlər üzərində, həm bank aktivlərinin böyüməsi baxımından. Yəni 3 bankın demək olar ki, dominant rolu artır".

Ekspert bazar payı sürətlə böyüyən banklardan danışarkən deyib ki, əsas dominant rolunu birmənalı olaraq Kapital Bank oynayır.

"Həm də "KapitalBank" "Paşa Holdinq"in əsas strukturlarından (səhmdar-98,87%) biridir. Bunlar "Kapitalbank", "Paşabank" və "Beynəlxalq Bank"dır. Bu banklar demək olar ki, ölkədə həm kredit, həm depozit, həm də bank kapitalı baxımından əhəmiyyətli bir paya malikdirlər", o qeyd edib.