AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Zamin Salayevi aclığı dayandırmağa çağırıb

Stefan Şennak (Arxiv foto. Mənbə: VOA)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə keçmiş həmməruzəçisi Stefan Şennak 1 saylı Bakı İstintaq Təcridxanasında 84 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamın Salayevi aclığı dayandırmağa çağırıb.

“Düşünürəm ki, aclıq aksiyası hər zaman sağlamlıq və həyat üçün çox-çox risklidir. Nəticədə onun ehtiyacı olan şey beynəlxalq həmrəylikdir. Biz öz nümayəndələrimizə, yerli portnyorlara xəbər verəcəyik ki, həbsxanada onu ziyarət etməyə çalışsınlar. Bəli, mən hesab edirəm ki, o aclıq aksiyasını dayandırmalıdır. Çünki Bakıdakı rejim onu aclıq aksiyası ilə evə buraxmayacaq. Mən bu rejimi uzun illərdən bəri tanıyıram. O həyatını riskə atır və bu yaxşı deyil”, Stefan Şennak Azadlıq qəzetinə bildirib.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.

Vəkil Nemət Kərimlinin sözlərinə görə, Zamin Salayevin səhhəti ağır olaraq qalır. O, aprelin 23-də komaya düşüb. Yalnız məcburi sistem köçürüldükdən sonra ayılıb.

“Salayev aclığı ədalət bərpa olunanadək davam etdirməkdə israrlıdır. O, artıq 40 kiloqramdan çox çəki itirib. Kəskin ağrıları var. Böyrəklərində ağrılar var, sümükləri sızıldayır, qan təzyiqi aşağı düşüb. Yuxusuzluqdan əziyyət çəkir", o qeyd edib.

Vəkilin sözlərinə görə, Salayev həkim nəzarətindədir.

"O, ayrıca kameraya köçürülüb. Tam həkim nəzarətindədir. Ədliyyə işçiləri də nəzarət edir ki, komaya düşərsə tibbi müdaxiləyə çatdırılsın. Çünki qanunvericiliyə görə məhkum qidadan imtina edirsə, onun razılığı olmadan yalnız huşunu itirəndə ölməməsi üçün tibbi müdaxilə ola bilər", o qeyd edib.

Nemət Kərimli bildirib ki, Zamin Salayevlə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb, iş məhkəməyə göndərilib.

Mayın 2-də Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə hazırlıq iclası olacaq.

Aprelin 29-da Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin nümayəndələri Zamin Salayevlə görüşüb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, görüş zamanı Salayevə Baş Prokuror Kamran Əliyevin onun barəsindəki cinayət işini nəzarətə götürdüyünu, məsələnin obyektiv araşdırılması üçün göstəriş verdiyini deyiblər.