Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası AŞPA-nın yaz sessiyasında əsas müzakirə mövzularından olub. AŞPA qərarlarının icrasının gecikdirilməsi ilə bağlı narahatlığını ifadə edib.
Kiprdən olan məruzəçi Konstantinos Efstatiunun hazırladığı hesabat ətrafında gedən müzakirələrdə deputatlar üzv dövlətlərə qərarların icrası ilə bağlı öhdəliklərini xatırladıblar. Azərbaycan Avropa Məhkəməsi qərarlarının icrasına dair pis göstəricilərinə görə müzakirələrdə adı ən çox hallanan ölkələrdən biri olub. Debatda çıxış edən deputat Erkin Qədirli də Azərbaycanın insan hüquqlarının vəziyyətinin qənaətbəxş olmadığını vurğulayıb.
“Təəssüf ki, Azərbaycan həqiqətən də demokratik inkişaf baxımından geri qalır və Azərbaycanda insan haqları vəziyyəti hələ də kifayət qədər zəifdir. Amma cəmiyyətdə çox kövrək bir dinamizm var. İşində Konvensiyanın 18-ci maddəsinin pozuntusu tapılan 15 keçmiş siyasi məhbusdan səkkizi bəraət qazanıb, bəzilərinin isə hüquqların tam bərpa olunmasına nail olunub. Təəssüf ki, yeddi iş hələ də icrasını gözləyir”, Qədirli qeyd edib.
Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı çərçivəsində ötən il “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” adlı layihəyə start verilib. Layihə strateji sahələrdə islahatlar, əməkdaşlıq proqramları vasitəsilə Azərbaycanın milli qanunvericiliyinin, institutlarının və təcrübələrinin Avropa Şurası standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov isə bu cür layihələrin nəticəsiz qaldığını deyir.
Your browser doesn’t support HTML5
“Yaxşı idarəetmə, məhkəmə-ədliyyə sistemində islahatların həyata keçirilməsi, media azadlığının təminatı istiqamətində həyata keçirilən proqramlar adı altında Avropa Şurasının, Avropa Birliyinin maliyyə dəstəyi ilə Azərbaycan hökuməti 2014-cü ildən bəri proqramlar həyata keçirir. Bu layihələrin çoxlu sayda maliyyə xərcləri həyata keçirilir və müxtəlif uğur hekayələri adı altında hesabatlar təqdim olunur. Amma bunun fonunda biz heç bir effektivlik, nəticə görmürük”, Akif Qurbanov qeyd edib.
Mövzu ilə bağlı Azərbaycanın AŞPA-dakı hakim partiya üzvlərindən rəy almaq mümkün olmayıb. AŞPA sözügedən qətnamə layihəsini mütləq səs çoxluğu ilə qəbul edib. Səsverməyə azərbaycanlı deputatlardan yalnız Erkin Qədirli qatılıb və o, sənədin lehinə səs verib.