Kyiv meri Vitali Kliçko Amerikanın Səsi ilə Rusiya ilə müharibənin ikinci ildir davam etdiyi Ukrayna paytaxtı haqqında danışıb.
Kyiv meriyasında müzakirələr və görüşlər ara vermir. Mer Vitali Kliçko deyir ki, onlar şəhərin müdafiəsini yaxşılaşdırmaq üçün daim çalışırlar.
"Kyiv indi bir il əvvəlkindən qat-qat yaxşı qorunur. Bizim monitorinq sistemimiz, nəzarət-buraxılış məntəqəmiz, müasir silahlarımız var. Silahlı qüvvələrimiz bir il əvvəlkindən qat-qat güclüdür".
O, Rusiyanın 2022-ci ildə ölkəni işğal etmək planı barədə eşitdiklərini xatırladıb.
"Bunun baş verəcəyinə inanmaq istəmədik, lakin bir sıra mənbələrdən narahatedici məlumatlar almaqda davam etdik. Beləliklə, mən şəxsən Kyivin müdafiəsini planlaşdırmağa başladım ki, Rusiya işğal etsə, biz hazır olaq. Əlimizdən gələni etdik".
Kyiv sakinlərinin çoxu rus işğalının ilk günlərində şəhəri tərk etsə də, artıq bir çoxları geri qayıdıb.
"Sakinlərin əksəriyyəti - əsasən qadınlar və uşaqlar Kyivi tərk edib; yalnız kişilər qalmışdı, hazırlaşırdılar. Düzünü desək, hətta küçə döyüşlərinə də hazırlaşırdıq".
Rus qoşunları şəhərin mərkəzinə 15 kilometr yaxınlaşmışdı, lakin güclü müqavimətlə qarşılaşdıqdan sonra geri çəkilmişdi. Rusiyanın infrastruktura hücumları o demək idi ki, mülayim də olsa, qış mövsümündə elektrik enerjisi arabir olurdu.
"Biz insanların həyatını asanlaşdırmaq üçün əlimizdən gələni etdik, baxmayaraq ki, Kiyev davamlı olaraq hər həftə, bəzən həftədə bir neçə dəfə atəşə tutuldu və kritik infrastruktur dağıdıldı".
Müharibə davam edərkən belə Kyiv rəsmiləri yenidənqurma, gedənləri geri qaytarmaq və iqtisadiyyatı dirçəltmək səylərini davam etdirir.
Kliçko deyir ki, müharibə şəraitində o, ukraynalı həmvətənləri ilə hər gün daha çox fəxr edir.
"Rus əsgərləri ilə yaşamaqdansa, su, işıq və istilik olmadan yaşamaq daha yaxşıdır. Biganə qalmayan, övladını, gələcəyini düşünən hər bir insana minnətdaram".
Keçmiş boksçu kimi Kliçko deyir ki, məsələ həmişə güclə bağlı olmur. Müharibədə bəzən ruh gücə qalib gələ bilir.