Pakistanda Terrorla Mübarizə İdarəsində baş verən partlayışlarda azı 16 nəfər ölüb

Pakistan Blasts

Pakistan polisi ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva vilayətindəki Svat vadisində terrorla mübarizə polisinin qərargahında baş verən partlayışlar nəticəsində 16 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib. Rəsmilər partlayışa terror aktı deyil, anbarda saxlanılan sursatların səbəb olduğunu bildirib.

Rəsmilərin bildirdiyinə görə, partlayışlar nəticəsində azı 13 polis əməkdaşı və üç mülki şəxs həlak olub. Yerli Səhiyyə Departamenti daha 57 nəfərin xəsarət aldığını bildirib.

Aprelin 24-də Pakistan ordusunun əraziyə nəzarəti ələ aldığı bildirilib. Rəsmilər əvvəlcə insidenti "şübhələnilən intihar hücumu" kimi qiymətləndirsə də, polis daha sonra partlayışlara ərazidə saxlanılan sursatların səbəb olduğunu xəbər verib.

Pakistan Talibanı olaraq da tanınan, qeyri-qanuni Təhrik-e Taliban (TTP) qrupu bölgədə tez-tez terror hücumları həyata keçirib. Bu səbəbdən də partlayışda ilk olaraq bir çoxları qrupdan şüphələnib.

TTP silahlıları Pakistan hakimiyyəti ilə keçən il başlayan sülh danışıqları dalana dirəndikdən sonra tədricən qəbilə bölgələrinə geri qayıdıblar.

Pakistan ordusu bölgədə əməliyyatları artırıb. Lakin yanvar ayında Pişəvər polis qərargahının daxilindəki məsciddə 80-dən çox insanın ölümü ilə nəticələnən hücum da daxil olmaqla, silsilə hücumlardan sonra bir çox yerli sakin təhlükəsizliyin təmin olunmamasına etiraz edib.