İran telekommunikasiya şirkətinin təqaüdçüləri İran Azərbaycanı daxil olmaqla ölkənin bəzi bölgələrində aksiya keçiriblər. Həmədan vilayətində isə telekommunikasiya şirkətinə bağlı bir podratçı şirkətinin işçiləri etiraz aksiyası təşkil ediblər.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyi bazar ertəsi günü Tehran və Ərdəbil kimi şəhərlərdə telekommunikasiya şirkətindən təqaüdçü olmuş çox sayda insanın etiraz mitinqlərinə qatıldığını bildirib.
Təqaüdçülər Tehranda Rabitə və İnformasiya texnologiyaları nazirliyi, digər şəhərlərdə isə telekommunikasiya şöbələrinin önündə toplaşıblar.
İLNA-nın xəbərinə görə, təqaüdçülər sığorta hüquqlarının tam yerinə yetirilməsini və digər ödənilşlərini tələb edirlər.
Həmədanda isə həmin gün telekommunikasiya şirkətinin podratçısı olan "İlkin Xidmətlər" şirkətinin önündə aksiya keçirilib.
"Həmədanda İlkin Xidmətlər şirkətinə çalışan 136 işçi təqribən 7 il əvvəl bir ərizə ilə Əmək və Sosial Rifah İdarəsinin ixitilafların həlli heyətinə müraciət ediblər. Heyət işçilərin lehinə qərar çıxarsa da, podraçı şirkət qərara əməl etmir," agentliklər bildirib.
İşçilər və podratçı şirkət arasında mübahisələrin çoxalması nəticəsində bəzi işçilərin müvəqqəti olaraq işdən uzaqlaşdırıldığına dair xəbərlər yayılıb.