İranda son kütləvi etiraz aksiyaları fonunda həbs edilən Əli Rzayinin vəziyyəti qeyri-müəyyəndir

Evin həbsxanası

Əslən Şərqi Azərbaycan vilayətinin Miyana şəhərindən olan mədəni fəal Əli Rzayinin həbsindən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Əli Rzayi ötən ilin dekabrında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və o vaxtdan bəri 4 aydan çox vaxt keçsə də, hələ də Evin həbsxanasında naməlum vəziyyətdə saxlanılır.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Rzayi Tehranda öz evində həbs edilib və həbs zamanı şəxsi əşyaları, o cümlədən kompüteri, telefonu və kompüterinin yaddaşı da təhlükəsizlik qüvvələri tərəfindən müsadirə edilib.

Məlumatlı mənbələr ona qarşı “sistemə qarşı təbliğat fəaliyyəti göstərmək” və “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" ittihamlarının irəli sürüldüyünü bildirir.

Əli Rzayi 39 yaşındadır və informasiya texnologiyaları fakültəsinin məzunudur və Türkiyə türkcəsi müəllimidir. O, İranda xalqın hakimiyyətə qarşı son kütləvi etiraz aksiyaları zamanı həbs olunsa da, ümumi əfv sərəncamına daxil edilməyərək həbsdə saxlanılan çox sayda məhbuslardan biridir.

Əli Rzayi saxlanıldığı müddətdə iki dəfə Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb və dindirilib. O, əvvəlcə Fəşafuyə həbsxanasına (Böyük Tehran Həbsxanası) köçürülüb, sonradan Evin həbsxanasının 209-cu palatasına köçürülüb. Rzayi hazırda həmin həbsxananda saxlanılır və məhkəmənin onun barəsində qərarı hələ ki bəlli deyil.