Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayev 72 gündür aclığı davam etdirir. Onun səhhətində ciddi ağırlaşmalar var. Amma Salayev aclığı davam etdirməkdə israrlıdır.
Vəkil Fəxrəddin Mehdiyev aprelin 19-da təcridxanada Zamin Salayevlə görüşündən sonra Amerikanın Səsinə bildirib ki, onun səhhətinə çoxlu sayda ağırlaşmalar var.
Your browser doesn’t support HTML5
“Tez-tez başgicəllənmələri olur, taqətszidir, ayaqları tutulur. 38 kiloqram çəki itirib. Ən əsası onda ciddi mədə ağrıları və ürəyində göynəmələr var. Bu ağrılar da kürək nahiyəsinə vurur. Dünən ürəyinin kardioqraması çıxarılıb, qanından analiz götürülüb. Amma hələ nəticələri məlum deyil. Həkimlər Salayevin ürəyində problem yaranmasından narahatdırlar. Mədə nahiyəsindəki ağrılar kürəyinə verdiyinə görə ürəyində problemlərin olmasından şübhələr var”, vəkil qeyd edib.
Mehdiyevin sözlərinə görə, aprelin 18-də Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Zamin Salayevə baş çəkib.
“Bir də aprelin 18-də hüquq müdafiəçisi Çingiz Qənizadə və digər dörd nəfər onunla görüşüb, vəziyyəti ilə maraqlanıblar”.
Vəkil bildirib ki, Salayev ayrıca kamerada tək saxlanılır.
“Ümumi həkim nəzarəti var. Həkim qan təzyiqini ölçür. Təcridxananın zabitləri tərəfindən nəzarət olunur”.
Mehdiyev AXCP fəalının aclığı dayandırması ilə bağlı dostalarının müraciətini ona çatdırıb.
“Mən dostlarının və öz adımdan aclığı dayandırmasını xahiş etdim. O hesab edir ki, haqsız yerə həbs olunub və sonadək aclığı davam etdirəcəyini bildirdi”, o qeyd edib.
Vəkil Salayevlə bağlı istintaqın yekunlaşdığını və cinayət işinin yaxın zamanda məhkəməyə göndəriləcəyini bildirib.
Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Salayevlə bağlı şərh almaq mümkün olmayıb.
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.