Məcid Araz: İranın Ərəbistanla anlaşması ilə birlikdə Tehranın anti-Azərbaycana ritorikası daha da artacaq

Məcid Araz

Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətdə Azərbaycan Respublikası və İran münasibətlərində gərginliklərin artmasını dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan və İran tarixlərinin ən gərgin günlərini yaşayırlar.

Araz Tehranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinin yaxşılaşması ilə birlikdə İranda Azərbaycana qarşı aqressiv ritorikanın daha da artacağını ifadə edir.

"Azərbaycan dövləti demək olar ki, keçmiş 30 ildə İranın bütün təxribatçılıqlarını bir şəkildə sinəyə çəkib və dişini sıxırdı. O zaman ki, Sepahın şirkətləri Azərbaycanın işğal altındakı bölgələrini talan edirdi, oradan qaçaqçılıq edirdi. Amma, ikinci Qarabağ savaşından sonra demək olar ki, Azərbaycan dövləti artıq İranın qarşısında susmaq ehtiyacını daha əskisi kimi hiss etmir və özünü daha güclü mövqedə görür" , siyasi fəal bildirib.

Your browser doesn’t support HTML5

Məcid Araz: İranın Ərəbistanla anlaşması ilə birlikdə Tehranın Azərbaycana qarşı aqressiv ritorikası daha da artacaq

Onun sözlərinə görə, İran Azərbaycan dövlətinin daha güclü mövqedən çıxış etməsini həzm edə bilmir: "İran bunu həzm edə bilmədiyi üçün gərginliyi hər keçən gün daha da yüksəldir. Bir gün Tehranda səfirliyə hücum olunur. Bir gün Bakıda millət vəkilinə qarşı terror aktı həyata keçirilir. Bir gün sərhəddə təlimlər keçirir. Mediada təhdidlər edir."

SEE ALSO: Sədrəddin Soltan: İran Azərbaycanla diplomatik gərginliyi artırmaq üçün bütün addımları atır

Bu yaxınlarda İran hökümətinin orqanı olan "İran" qəzetində "Azərbaycan İslami Müqavimət Hərəkatı" adında bir qruplaşmanın rəhbərləri ilə aparılan bir müsahibə dərc olunub. Müsahibədə Hüseyniyyun (Hüseynçilər) adı ilə də tanınan qruplaşmanın general Qasım Süleymaninin nəzarətində təşkil olunduğu yazılıb. İran İnqilab Qvardiyasının (Sepah) yüksək rütbəli generalı Qasım Süleymani 2020-ci ildə Bağdad yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsinin hücumu ilə öldürülüb.

Məcid Araz belə məlumatların İranın rəsmi qəzetində dərc edilməsini İranın dövlət siyasətinin açıq elanı kimi dəyərləndirir.

"İran dövlətinin orqanı İran qəzetində Hüseyniyyun terror qruplaşmasının rəhbərlərini gətirib geniş müsahibə verməsi və Qasım Süleymaninin rolunun açıq şəkildə açıqlanması bunu göstərir ki, İran deyir, biz bu məsələdə açıq və aşkar ən yüksək dövlət səviyyəsində varıq. İran açıq deyir ki, biz bu qruplaşmalara və Azərbaycanda dini fanatizmə və dini fanatizmə dayanan terrorizmə dəstək verirrik. Bu, bir dövlət siyasətinin elanıdır," siyasi fəal qeyd edib.

SEE ALSO: İranın nümayəndə heyəti səfirliyin yenidən açılışına hazırlıq üçün Səudiyyə Ərəbistanına gedib

Araz hesab edir ki, Tehranın Səudiyyə Ərəbistanı ilə münasibətlərinin yaxşılaşması ilə birlikdə İranda Azərbaycana qarşı aqressiv ritorika daha da artacaq.

"Son etirazlarda İran dövləti bu etirazlara qarşı söyləmini açıq şəkildə bölücülük təhlükəsinin üzərinə qoydu. Dedi ki, bölücülər təşkil etdilər. Bunu da əsasən qurdu kürdlərin, türklərin və bəluçların üzərinə. Çünki ərəblər bu etirazlara çox dəstək vermədi... Mən düşünürəm ki, bu səbəblə İran milliyətçiliyinə lazım olan xarici düşmən faktorunda ərəb ünsürü bir az geri plana keçəcək. Bundan sonra türk faktoru, Azərbaycan, türk dünyası, nə bilim, Zəngəzur və Turan Dəhlizi, bunlar daha önə çıxacaq".