Yaponiyanın baş naziri Fumio Kişida bir gün əvvəl ictimai tədbir zamanı ona tüstü bombası və ya siqnal raketinə bənzər cisim atılandan sonra təhlükəsizliyi “mümkün qədər” gücləndirəcəyinə söz verib. Kişidə partlayış nəticəsində xəsarət almayıb.
Yaponiyanın Karuizava şəhərində bazar günü Böyük Yeddilər Qrupunun (G7) xarici işlər nazirlərinin görüşü başlayıb. “Dünyanın hər yerindən yüksək səviyyəli rəsmilərin səfər etdiyi bir vaxtda Yaponiya bütövlükdə təhlükəsizliyin təmin edilməsi üçün bütün səyləri göstərməlidir,” Kişida jurnalistlərə bildirib.
ABŞ dövlət katibi Antoni Blinken də daxil olmaqla, G-7 xarici işlər nazirləri Karuizava şəhərində üç günlük danışıqlara başlayıb.
Aprelin 15-də Vakayama şəhərində baş vermiş insidenti şərh edən Yaponiya hökumətinin başçısı hücumun seçki kampaniyası zamanı həyata keçirilməsini “bağışlanılmaz” adlandırıb. “Demokratiyanın əsası olan seçkilərin təşkili zamanı törədilən zorakılıq aktı heç vaxt bağışlanılmamalıdır,” o bildirib.
Hücumun motivləri hələ də məlum deyil. Şübhəli şəxs hadisə yerində həbs edilib. Rəsmilərin bildirdiyinə görə, hadisəni törədən 24 yaşlı yaponiyalı Ryuci Kimuradır. Həbs edilən zaman onun əlində bıçaq və ehtimal ki, ikinci partlayıcı qurğu olub. Kimura saxlanılan zaman əşyanı atıb. Hücum nəticəsində itkilər barədə məlumat verilməyib. Baş nazir sağ-salamat təxliyə edilib.
Yaponiyada belə hücumlar olduqca nadir hallarda baş verir. Bununlea belə, 2022-ci ilin iyul ayında seçki kampaniyasında çıxış edərkən güllələnən keçmiş baş nazir Şinzo Abe Nara şəhərində sui-qəsdin qurbanı olub. Həkimlərin onun həyatını xilas etmək cəhdlərinə baxmayaraq, Abe daha sonra xəstəxanada dünyasını dəyişib.
Aprelin 23-də Yaponiyada regional seçkilərin mərhələsi təyin olunub. Vətəndaşlar yerli şuralara qanunvericilər və bələdiyyə sədrlərini seçəcəklər, eyni zamanda, ölkə parlamentində boş qalan beş yerə də qanunvericilər seçiləcək.