Şənbə günü Sudanın paytaxtı və digər şəhərlərində ordu ilə ölkənin güclü yarı-hərbi qüvvəsi arasında şiddətli toqquşmalar baş verib və bu, xaosa düçar olmuş ölkədə daha geniş qarşıdurmanın olacağına dair narahatlıqları artırıb.
Xartumun bir neçə yerində, o cümlədən şəhərin mərkəzi və Bahri məhəlləsində ağır silah səsləri eşidilib.
Çevik Dəstək Qüvvələri (ÇDQ) bir sıra bəyanatlarında ordunu Xartumun cənubunda qüvvələrinə hücum etməkdə günahlandırıb. Onlar şəhər hava limanını ələ keçirdiklərini və ölkə prezidentinin kürsüsü olan Xartumun Respublika Sarayına “tamamilə nəzarət etdiklərini” iddia edir. Qrup həmçinin Xartumun 350 kilometr şimal-qərbində Maravi şəhərində hava limanı və hava bazasını ələ keçirdiyini bildirib.
Sudan ordusu ÇDQ-nin qoşunları paytaxtın cənub hissəsində ordu qüvvələrinə hücum etməyə çalışandan sonra döyüşlərin olduğunu deyib. Ordu daha sonra Çevik Dəstək Qüvvələri “üsyançı qüvvə” elan edib və yarı-hərbi qüvvənin açıqlamalarını “yalan” adlandırıb.
Toqquşma son aylarda ordu və Çevik Dəstək Qüvvələri arasında gərginliyin artdığı bir vaxta təsadüf edir ki, bu da ölkədə demokratik keçidi canlandırmaq üçün siyasi partiyalarla beynəlxalq səviyyədə dəstəklənən müqavilənin imzalanmasını gecikdirib.
Xartum Beynəlxalq Hava Limanın enməyə çalışan sərnişin təyyarəsi havaya qalxdığın hava limanına geri dönüb. Səudiyyə Ərəbistanından gələn təyyarələr də geri dönüb.
Ordu ilə yarı-hərbi qüvvə arasındakı gərginlik General Məhəmməd Həmdan Daqalonun başçılıq etdiyi Çevik Dəstək Qüvvələrinin orduya necə inteqrasiya edilməli olduğu və bu prosesə hansı orqanın nəzarət etməli olduğu ilə bağlı fikir ayrılıqlarından qaynaqlanır. Birləşmə Sudanın imzalanmamış keçid sazişinin əsas şərtidir.
Ancaq ordu ilə Çevik Dəstək Qüvvələri arasındakı rəqabət 2019-cu ildə devrilən sabiq avtokratik prezident Omən Əl-Bəşirin hakimiyyəti dövrünədək uzanır. Əl Bəşirin hakimiyyəti altında yarımhərbi qüvvə Sudanın Darfur bölgəsində onilliklər davam edən qarşıdurma zamanı amansız repressiyalar həyata keçirən Cəncavid kimi tanınan keçmiş milislərdən formalaşıb.