Rusiyalı jurnalist saxta xəbər yaymaqda günahlandırılaraq həbs edilib

Bu həftə Rusiya məhkəməsi RusNews müstəqil xəbər saytının müxbirinin Rusiya ordusu haqqında saxta məlumat yaymaqda ittiham edərək iyunun 10-dək həbsinə qərar verib.

Reportyor Roman İvanov çərşənbə axşamı Korolyovdakı mənzilində həbs edilib. Məlumata görə, səlahiyyətlilər onun mənzilinin qapısını sındıraraq, noutbuk və telefonlarını müsadirə edib.

İvanov ittihamları rədd edib və Korolyov məhkəməsində deyib ki, hakimiyyət ona 2020-ci ildən işinə görə təzyiq göstərir. Onun həbsinə çərşənbə axşamı qərar verilib. Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs gözləyir.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) proqram direktoru Karlos Martinez de la Serna açıqlamasında "Hakimiyyət İvanovu dərhal azad etməli, ona qarşı bütün ittihamları ləğv etməli və medianın azad və repressiya qorxusu olmadan işləməsinə icazə verməlidir".

Rusiyanın Vaşinqtondakı səfirliyi Amerikanın Səsinin şərh tələb edən e-poçtuna hələ cavab verməyib.

İvanovun həbsi Rusiya hakimiyyətinin Wall Street Journal-ın amerikalı müxbiri Evan Qerşkoviçi casusluq ittihamı ilə həbs etməsindən iki həftə sonraya təsadüf edir.

Hakimiyyət İvanova qarşı sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı üç paylaşıma görə üç cinayət işi açıb. İvanov bundan əvvəl 2022-ci ilin sentyabrında Korolyovda səfərbərliyə qarşı etiraz aksiyasını işıqlandırarkən saxlanılıb.

Səlahiyyətlilər İvanovun arvadı Mariya Nekrasovanı da sorğu-sual edib və onu gizli saxlama müqaviləsi imzalamağa məcbur ediblər.

Rusiya daxilində fəaliyyətini davam etdirən müstəqil müxbirlər azdır və onların Kreml tərəfindən hədəf alınması gözlənilməz deyil.

CPJ-in məlumatına görə, Rusiyada ən azı 19 jurnalist həbsdədir.

"İvanovun başına gələnlər dəhşətlidir. Ancaq təəccüblənmirəm" - deyə, postsovet mediasını araşdıran Nyu York Universitetinin professoru Maya Vinokour bildirib.

İvanovun həbs edildiyi gün Ufa şəhərinin cənub-qərbində polis müstəqil Prufy.ru xəbər saytının redaksiyasında axtarış aparıb və kompüter avadanlığı ələ keçirib.

"Biz hesab edirik ki, bəzi dövlət məmurları öz vəzifələrindən istifadə edərək mediaya təzyiq göstərirlər ki, biz hökumətin korrupsiyası və dövlət hesabına qazanc əldə etmək cəhdləri barədə danışa bilməyək"- deyə, saytın bəyanatında bildirilir.

"Roman İvanov və Prufy.ru-nun jurnalistləri Rusiyada qalan bir neçə müstəqil səsdən biridir ki, onlar ölkədəki vəziyyət və onun Ukraynaya qarşı apardığı müharibə haqqında düzgün məlumat verir. Onların işi vacibdir və ona mane olmamalıdır", CPJ-dən Martinez de la Serna açıqlamasında bildirib.

İvanov bu il hədəf alınan ikinci RusNews jurnalisti olub. Fevral ayında RusNews-un müxbiri Mariya Ponomarenko Rusiya ordusu haqqında yalan xəbər yaymaqda ittiham olunaraq, 6 il müddətinə azadlıqdan məhrum edilib.