Aprelin 13-də "Demokratiya 1918" Hərəkatının üzvü, ictimai fəal Samir Axundzadə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. Bu barədə fəal Amerikanın Səsinə məlumat verib.
Onun sözlərinə o, vəkili Zibeydə Sadıqova ilə bu gün səhər 10-da DTX-ya gedib:
"Əsas çağırılma səbəbim Fazil Mustafa ilə bağlı yazdığım status idi. Onlar iddia edirdilər ki, guya mən özüm də bilmədən, ölkədə olan İranmeyilli "casus" şəbəkəsinə dəstək vermişəm. Guya mənim yazdığım status onların hansısa işinə yarıyır, üstəlik guya mənim yazdıqlarım vətəndaşların fikirlərini qarışdırır".
Fəal bildirib ki, o öz statusunda dindarların haqsız həbsindən yazıb.
"Mən də və vəkilim də bildirdik ki, ölkədə bu hadisədən sonra çoxsaylı dindar həbsi baş verib və bəzilərinə şər atıldığı bilindi, onlar sərbəst buraxıldılar. Həmçinin bildirdim ki, həmin dindarlar narkotik ittihamı ilə həbs olunublar. Narkotik ittihamı olduğuna görə bu məsələyə şübhəli yanaşdığımı bildirdim. Əgər deyilən kimi casusdurlarsa, onda ittiham da müvafiq maddə ilə olmalıdır" - deyə, fəal bildirib.
Samir Axundzadənin sözlərinə görə, ondan izahat alınıb və israrla təkid edilib ki, o, öz ifadəsində statusu yazdığına görə peşman olduğunu bildirsin:
"Mən isə bildirdim ki, səhv bir şey yazdığımın qənaətində deyiləm və bu, mənim şəxsi fikrim idi. 2 saat sonra DTX-dan buraxıldım".
Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətindən mövqe almaq mümkün olmayıb.
Son günlərdə AXCP fəalı Cömərd Qaya, Rəşad Quliyev və Sahilə Cabbar da DTX-ya çağırılıblar. Sahilə Cabbar da Facebook-da Fazil Mustafa ilə bağlı yazdığı statusa görə çağırıldığını bildirib. Cömərd Qayanın verdiyi məlumata görə isə, o, Dövlət Təhlükəsizlik Xidmətinə sosial şəbəkədə dostluğunda olan şəxsə yazdığı şərhə görə ora çağırılıb. Rəşad Quliyev isə aprelin 5-də yazdığı tənqidi statuslara görə DTX-ya çağırıldığını deyir.
Rəsmi məlumata görə, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahdan atəş açılaraq silahlı hücum olub.
Fazil Mustafanın bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası aldığı bildirilir.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
DTX silahlı hücumu terror aktı adlandırıb. Xarici İşlər Nazirliyi öz açıqlamasında istintaqın ilkin rəyinə əsaslanaraq hadisədə İran izi göründüyünü bildirib.
İşlə bağlı Azər Səricanov, İlkin Süleymanov, Səbuhi Şirinov, Elşad Əsgərov və Emin Əliyarovun saxlanıldığı bildirilir.
Bəzi media qurumları həbs olunanların 6 nəfər olduğunu qeyd edib. DİN-in şöbə rəisi Elşad Hacıyev bildirib ki, onun yaydığı məlumatda 4 nəfərdir:
"Ola bilsin mətbuat məlumatı istintaqdan alıb. İstintaqı isə Dövlət Təhlükəsizlik Xidməti aparır".
Deputat Fazil Mustafaya qarşı silahlı hücumun iştirakçılarından biri kimi təqdim olunan İlkin Elçin oğlu Süleymanova qarşı isə narkotik ittihamı irəli sürüldüyü məlum olub. Meydan TV-nin hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, İlkin Süleymanova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddələrilə ittiham irəli sürülüb.
Aprelin 5-də Binəqədi Rayon Məhkəməsində bu maddələrlə onun barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qərarını hakim Fərid Əmirəliyev verib. Bu maddələrdə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İlkin Süleymanov haqqında cinayət işinin istintaqı Binəqədi Rayon Polis İdarəsində aparılır. Onun üzərindən 3 qramdan artıq narkotik tapıldığı iddia olunur. Lakin onun yaxınları narkotik ittihamını absurd sayır, İlkin Süleymanovun pis vərdişlərdən tam uzaq olduğunu deyir.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, İlkin Süleymanov barəsində cinayət işi var. Lakin istintaq getdiyinə görə əlavə məlumat verilə bilməz.
Son vaxtlar ölkədə 400-ə yaxın dini inanclı şəxsin həbs olunduğu bildirilir. Bu barədə ictimai fəallar, hüquq müdafiəçiləri məlumat yayıb. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların yaxınları və vəkilləri bu ittihamların saxta olduğunu bildirir.