Aprelin 11-də hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onun sözlərinə görə, həyat yoldaşı Aqil Hümbətova 2 saylı Cəzaçəkmə Müəssisəsində düzgün tibbi yardım göstərilmir:
"Mən onun səhhətindən çox narahatam, sağlamlığı ilə bağlı problemlər var. Artıq neçənci dəfədir Ədliyyə Nazirliyinə, Ombudsmana, Qırmızı Xaça müraciət etmişəm, hamısı deyir ki, maraqlanacaqlar, amma maraqlanan yoxdur. Aqil həbsdə ölür. Yoldaşımı şərləyib, uşaqpulu tələb etdiyinə görə 10 il həbs etminisiz, indi də onu aparıb həbsdə öldürürsünüz".
Aygün Hümbətova deyir ki, onun həyat yoldaşına müayinədən sonra heç bir probleminin olmadığı deyilib, lakin o, Hümbətovun sağlamlığında problemlərin olduğununu bildirib. Ədliyyə Nazirliyinin qarşısına gələn polis əməkdaşları Hümbətovanı nazirliyin qəbul şöbəsinə aparıb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən mövqe almaq mümkün olmayıb.
2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.
Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb və Bakının Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub.
Hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ittiham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir. Bundan bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə psixiatriya xəstəxanasına yerləşdirilmişdi.