Vəkil: Zamin Salayev azad olunana qədər aclıq aksiyasını davam etdirəcək

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayev 63 gündür həbsdə aclıq aksiyasını davam etdirir. Bu barədə onun vəkili Nemət Kərimli Amerikanın Səsinə məlumat verib.

Vəkilin sözlərinə görə, o, aprelin 7-də Bakı İstintaq Təcridxanasında Zamin Salayevlə görüşüb:

"Öz gözlərimlə gördüm ki, artıq bədəni yara töküb, xeyli çəki itirib. Vəziyyəti yaxşı deyil".

Nemət Kərimlinin sözlərinə görə, Zamin Salayev sonadək aclıq aksiyasını davam etdirəcəyini deyib.

"Deyir ki, ya azadlıq, ya da ölüm. Ölənə qədər aclıq aksiyasına davam edəcəyini bildirir, aclığı dayandırmamaqda israrlıdır"- deyə, vəkil bildirib.

Vəkil bir müddət öncə Zamin Salayevin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib, lakin Qaradağ rayon Məhkəməsi vəsatəti təmin etməyib. Zamin Salayevin müdafiəçisi həmin qərardan apellyasiya şikayəti verib. Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Kərimli bildirib ki, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.

Vəkilin məlumatına görə, Salayev ciddi həkim nəzarətində saxlanılmır, aclıq aksiyası keçirdiyi üçün digər məhbuslardan təcrid edilməyib.

Kərimli bildirib ki, Ombudsmanın nümayəndədləri Salayevə iki dəfə baş çəkib, prokurorluğa və Penitensiar Xidmətə müraciət etmələrinə baxmayaraq, Salayevə qarşı münasibətdə hər hansı dəyişiklik baş verməyib.

Bu deyilənlərlə bağlı hələlik Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.