Roma Papası Pasxa mesajında ​​Ukrayna ilə bağlı rusiyalılara müraciət edib və Yaxın Şərqdə zorakılığı qınayıb

Papa Fransis Pasxa münasibətilə Vatikanda Müqəddəs Pyotr Bazilikasının Mərkəzi Lojasından ənənəvi “Urbi et Orbi” (Şəhərə və dünyaya) duasını edir, 9 aprel 2023-cü il.

Roma Papası Fransis bu il aprelin 9-da katoliklər və protestantlar tərəfindən qeyd olunan Pasxa bayramı münasibəti ilə “Urbi et Orbi” (Şəhərə və dünyaya) ənənəvi mesajında rusiyalılara müraciət edərək, onları Rusiya qüvvələrinin Ukraynaya hərbi müdaxiləsi ilə bağlı həqiqətləri öyrənməyə çalışmağa çağırıb.

Fransis bazar günü sülh üçün dua edərək, “qaranlıq və zülmətin yer üzünü çox vaxt bürüdüyünü” qeyd edib. O, “Ukrayna xalqına sülhə gedən yolda kömək edin və Rusiya xalqına Pasxa bayramını işıqlandırın”, deyə dua edib. Eyni zamanda o, dindarları “sülh və qardaşlıq yoluna çıxmağa” çağırıb.

Roma Katolik Kilsəsinin rəhbəri digər məsələlərlə yanaşı, Yaxın Şərqdə yeni zorakılıqların baş verməsi ilə əlaqədar israillilərlə fələstinliləri dialoqa çağırıb.

Avropada bu il yazın soyuq olması, xüsusən də bu müddət ərzində Roma və Vatikanda qeyri-adi dərəcədə aşağı temperatur səbəbindən Papa Fransis cümə günü açıq havada ibadət mərasimində iştirak etməyib. Bu, 86 yaşlı pontifikin martın sonlarında bronxitlə əlaqədar xəstəxanaya yerləşdirilməsindən sonra ehtiyat tədbiri olaraq qərar alınıb.

Roma Papası bazar günü Pasxa münasibətilə bahar çiçəkləri ilə bəzədilmiş Müqəddəs Pyotr Meydanında onlarla prelat və on minlərlə zəvvarın və turistin qatıldığı ibadət mərasimində nitq söyləyib.

Narıncı-qırmızı rəngli lalələr, sarı forsitiya və nərgiz gülləri və digər mövsümi çiçəklər şənbə günü Niderlanddan yük maşınları ilə gətirilib və bazar günü Roma və Müqəddəs həftə ərzində ziyarətçilərlə dolu olan Vatikan Meydanını bəzəmək üçün qablara əkilib.

Vatikanın təhlükəsizlik xidmətlərinin bildirdiyinə görə, səhər dua mərasiminin başlanmasına qədər meydana təxminən 45,000 insan toplaşıb.