AXCP fəalı Zamin Salayevin işi üzrə istintaq yekunlaşıb

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri, 60 gündür həbsdə aclıq aksiyası keçirən Zamin Salayevin işi üzrə istintaq yekunlaşıb. Bu barədə məlumatı Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, aprelin 6-da Bakı İstintaq Təcridxanasında istintaqın yekunlaşması haqda qərarı müstəntiq həm Əlizamin Salayevin özünə, həm də vəkilinə bildirib.

"Daha sonra cinayət işinin materiallarıyla tanış olma mərhələsi gəlir. Zamin bəy özünü təqsirli bilmir, ittihamı saxta hesab edir və istintaq zamanı da etiraz olaraq, ifadə verməkdən imtina edib. O, hələ də aclıq aksiyasını davam etdirir", vəkil bildirib.

Nemət Kərimli bir müddət öncə Əlizamin Salayevin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib, lakin Qaradağ rayon Məhkəməsi vəsatəti təmin etməyib. Zamin Salayevin müdafiəçisi həmin qərardan apellyasiya şikayəti verib. Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Vəkil Nemət Kərimli

Aprelin 6-da onunla İstintaq Təcridxanasında görüşdə olan vəkili bildirib ki, Salayev aclıq aksiyası keçirdiyinə görə səhhətində ciddi problemlər yaranıb.

"Zamin Salayev aclığı davam etdirir. Hərəkət etmək imkanları artıq məhdudlaşıb, 39 kiloqram çəki itirib, səhhətində ciddi problemlər var. Zamin bəy bildirir ki, əl barmaqlarında keyimə var, danışmaqda çətinlik çəkir", o bildirib.

Vəkilin məlumatına görə, Salayev ciddi həkim nəzarətində saxlanılmır, aclıq aksiyası keçirdiyi üçün digər məhbuslardan təcrid edilməyib.

Kərimlinin sözlərinə görə, Ombudsmanın nümayəndədləri Salayevə iki dəfə baş çəkib, prokurorluğa və Penitensiar Xidmətə müraciət etmələrinə baxmayaraq, Salayevə qarşı münasibətdə hər hansı dəyişiklik baş verməyib.

Bu deyilənlərlə bağlı hələlik Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq aclıq edir.