Arif Hacılı: Sərt tələblər hakimiyyətin siyasi patiyalar üzərində nəzarətini təmin etmək məqsədi daşıyır

Müsavat Partiyasının başqanı Arif Hacılı Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə çıxış edərkən.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində “Siyasi Partiyalar haqqında” yeni qanunun partiyaların fəaliyyətinə təsirlərindən, o cümlədən bu qanunun qüvvəyə minməsindən sonra Müsavat Partiyasının atacağı addımlardan danışıb.

Amerikanın Səsi: “Siyasi Partiyalar haqqında” qanun artıq icra qüvvəsinə minib. Sizin partiya da daxil olmaqla bütün siyasi partiyalar 180 gün ərzində yenidən qeydiyyatdan keçməlidir. Müsavat Partiyası bu istiqamətdə hansı işlər görür?

Arif Hacılı: Əslində burada müəyyən şərtlər irəli sürülüb. Əsas irəli sürülən şərtlərdən biri konkret olaraq partiya üzvlərinin sayı ilə bağlıdır. Əvvəllər Ədliyyə Nazirliyi cəmi min nəfərin siyahısının təqdim olunmasını tələb edirdisə, indi 4500-5000 nəfərin siyahısının təqdim olunmasını tələb edir. Təbii ki, müəyyən partiyalar üçün problemlər yaradacaq. Əslində say Müsavat Partiyası üçün problem deyil. Ancaq nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti partiya üzvləri haqqında olan məlumatlardan, onların özlərinə, ailə üzvlərinə təzyiq etmək üçün istifadə edir. Yəni bu baxımdan icra strukturlarının siyasi partiyalar üzərində nəzarətinin daha da artması ilə nəticələnəcək bu dəyişkilik. Digər dəyişkiliklər də təxminən bu tipli dəyişikliklərdir. Xüsusilə, ildə bir dəfə reyestrin tətbiq olunması, partiyaların maliyyələşməsi məsələsi ilə əlaqədar olan daha sərt tələblər konkret olaraq hakimiyyətin siyasi patiyalar üzərində daha çox nəzarətini təmin etmək məqsədi daşıyır.

Amerikanın Səsi: Yeni qanunda siyasi partiya üzvlərinin reyestri tələb olunur. Sizcə bu tələb müxalif siyasi partiyalar üçün əlavə problemlər yaradır?

Arif Hacılı: Ən böyük problem ondan ibarətdir ki, Azərbaycanda məsələn işə götürülənlər hökmən siyasi partiyanın üzvlük məsələlərini araşdırırlar. Kiminsə övladını işə götürərkən onun valideynlərini, kimisə işə götürərkən partiyalılığı araşdırılır, kimlərsə konkret gerçək müxalifət partiyalarının üzvləridirsə, onlar artıq işə götürülmə məsələlərində problemlərlə üzləşirlər. Eyni zamanda bir çox vəzifələrdə irəli çəkilmiş yəni peşə fəaliyyəti ilə məşğul olan müəllimlər, həkimlər, mühəndislər digər sahədə çalışan adamlar üçün müxalif partiyaların üzvü olmaq şərti problem yaradır. Əslində bu məsələlər olmasa Müsavat Partiyası üçün nə reyestr məsələsi problem deyil, nə say məsələsi ilə əlaqədar heç bir problem yoxdur. Sadəcə olaraq hakimiyyət həm reyestr, həm də əvvəlkindən daha çox partiya üzvlərinin siyahılarını tələb etməklə konkret partiya üzvləri üzərində nəzarət mexanizmlərini möhkəmləndirmək xətti götürür. Əsas problemlər bundan ibarətdir.

Your browser doesn’t support HTML5

Arif Hacılı: Sərt tələblər hakimiyyətin siyasi patiyalar üzərində nəzarətini təmin etmək məqsədi daşıyır

Amerikanın Səsi: Üzvlərin sayı ilə bağlı tələb müxalif siyasi partiya rəhbəri olaraq sizi qane edirmi? Partiyanız qeydiyyatdan keçməzsə rəhbərlik etdiyiniz siyasi təşkilatın fəaliyyəti necə nizamlanacaq?

Arif Hacılı: Biz onsuz da çətin vəziyyətdə “Siyasi Partiyalar haqqında” qanuna əməl olunmadığı, bərabərhüquqlu siyasi rəqabət şəraitinin olmadığı bir vəziyyətdə onsuz da fəaliyyət göstəririk. Bundan sonra da çətinliklərimiz artsa da fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Hər halda mən inanmıram ki, hakimiyyət Müsavat kimi partiyanın qeydiyyatını ləğv edənə qədər belə bir irəli gedən mövqe tutar. İstənilən halda Müsavat Partiyası Azərbaycan tarixində uzun müddət artıq 1911-ci ildən fəaliyyət göstərən partiyadır. Müsavat partiyası fəaliyyətini davam edəcək.

Amerikanın Səsi: Siyasi partiyalara edilən ianələrlə bağlı da yuxarı hədd müəyyən edilib. Sizcə xüsusilə seçki dövründə bu maliyyə vəsaiti ilə siyasi partiya seçkilərdə öz fəaliyyətini nizamlaya bilərmi?

Arif Hacılı: Əslində Azərbaycanın gerçək siyasi partiyaları Müsavat, AXC partiyası dövlət büdcəsindən maliyyə almayaraq fəaliyyət göstərir. Bu məsələnin bir tərəfi, digər tərəfi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti onsuz da gerçək müxalifət partiyalarına, müxalifətçilərə dəstək verən istənilən iş adamlarına çox böyük problemlər yaradır. Ona görə də biz elə də böyük ianələr almırıq. Bu məsələnin əslində mahiyyətcə hər hansı bir dəyişikliyi olmayacaq. Ancaq hakimiyyət bilirsiniz ki, daim müxalifəti maliyyə mənbələrindən məhrum etməyə çalışır. Müxalifətə maliyyə dəstəyi verənlər az qala vətənə xəyanətdə ittiham olunaraq bir çox hallarda həbs olunublar. Bundan başqa məsələn, seçkilərdə, referendumlarda iştirak edən siyasi partiyalara 30-35 min manat belə bir civarda vəsait verilirdi. Namizədliyi qeydə alınmış prezidentliyə namizədlərə belə bir vəsait verilirdi. Eyni zamanda deputatlığa namizədliyi qeydə alınmışlara 200 manat vəsait verilirdi. Bunları da hakimiyyət ləğv elədi. Pulsuz efir vaxtlarını ləğv elədi. Hər bir halda Azərbaycan hakimiyyəti ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitini aradan qaldırmağa çalışır. Hakimiyyət partiyası üçün əlavə imlanlar yaradır. Ancaq müxalifətə partiyalarının normal bir siyasi rəqabət şəraitində seçkilərə getməsinə, fəaliyyət göstərməsinə imkanları daim məhdudlaşdırır. İndi bu qanun haqqında edilən dəyişkiliklər də məhz bu məqsədə xidmət edir.

Xatırlatma

Azərbaycan Milli Məclisin binası

Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Dövlət başçısı "Siyasi Partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb. Fərmana görə, Nazirlər Kabineti üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

“Siyasi Partiyalar haqqında” qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir. Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq. Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməyəcək.