Sina Yusufi: Hüquqşünasların insan haqları fəaliyyətinə daxil olması lazim idi

Sina Yusufi

Bir qrup vəkil və hüquqşünas, o cümlədən Fatma Cavidmehr, Arzu Abdullahi, Qasım Bodi, Nağı Mahmudi, Əmir Mehdipur və Sina Yusufi bu yaxınlarda İran Azərbaycanında insan haqları pozuntularını gündəmə gətirmək məqsədilə Azərbaycan İnsan Haqları Təşkilatını təsis ediblər.

Təsisçilərdən insan haqları vəkili Sina Yusufi Amerikanın Səsi ilə söhbətdə təşkilatın İran Azərbaycanında siyasi məhbusların hüquqları, edam məsələsi, milli-mədəni hüquqlar, dil haqları, qadın haqları və gender bərabərliyi, habelə çevrə və əmək hüquqları kimi mövzuları ələ alacağını ifadə edib.

Your browser doesn’t support HTML5

Sina Yusufi: Hüquqşünasların insan haqları fəaliyyətinə daxil olması lazim idi

Yusufinin dediklərinə görə, "Azərbaycan İnsan Haqları Təşkilatı vəkillər və hüquq təhsili almış şəxslər tərəfindən təsis olunub və hədəfi İran Azərbaycanında sakin olan insanların hüquqları ilə bağlı fəaliyyət etməkdir. Təşkilat özünə bir sıra prioritetlər müəyyənləşdirib. Öncə, siyasi məhbuslar və ümumiyyətlə məhbusların haqları ələ alınacaq. Sonra edam cəzası və o cəzalar ki, işgəncə nümunəsi sayılırlar, şallaq cəzası kimi. Milli-mədəni haqlar və dil haqları. Qadınların haqları və gender bərabərliyi. Uşaq haqları, ətraf mühit və sağlam mühitdə yaşama haqqı. İşçilər və təqaüdçülərin məsələləri. Bunlar prioritetlərimizdir."

Yusufi hüquq mütəxəssislərinin hüquq müdafiə fəaliyyətlərində yer almalarının önəmli və zəruri olduğunu vurğulayır:

SEE ALSO: Sina Yusufi: İran məhkəmələrində siyasi fəalları müdafiə edən vəkillər hər zaman hökümətin basqısı ilə üzləşiblər

"Lazim idi ki, bu sahədə uzmanlıq sahibi olanlar, onlar ki vəkil kimi fəaliyyət ediblər, təhsil alıblar, araşdırıblar və hüquqi məfhumları elmi cəhətdən bilirlər, onlar da bu fəaliyyətlərə daxil olsunlar. Biz buna ehtiyac olduğunu düşündük və gördük ki, yeri boşdur. Lazim gördük bir iş başlayaq ki, təməlində hüquq adamları olsun. İndi, sonradan başqaları da buna qatıla bilər."

Sina Yusufi müsahibədə İran hakimiyyətinin tətbiq etdiyi dil siyasəti və türk dil haqları müdafiəçilərinin üzləşdiyi təzyiqlər haqqında ətraflı danışıb.

"Azərbaycanda bir çox insan bu dil məsələsi ilə bağlı problem yaşayır. Bu sahədə fəaliyyət etdikləri üçün həbsə məhkum olanlar, nəzarətə alınanlar və aylarla təkadamlıq kamerada saxlanılanlar var. Mən bir işə baxırdım ki, bir Təbrizli 70 gün nəzarətdə saxlanılmışdı. Nəzarətdən çıxdıqdan sonra gəlib mənə vəkalət verdilər. Mən dosyeni oxudum gördüm ki, heç bir suç yoxdur. Bir şey tapa bilmədikləri üçün qrup təşkil etməkdə ittiham etmişdilər. Bu şəxs, 17 dekabr günü ki, Pəhləvi rejimi Azərbaycanda kitab yandırmışdı, gedib məktəblərin önündə və başqa yerlərdə icazə ilə çap olunmuş türkcə kitablar dağıtmışdı. Bu səbəblə tutub və yazılı təəhhüd almışdılar ki, bir daha kitab dağıtmasın," deyə vəkil Təbrizdə bir türk dil haqları fəalının başına gələnləri şərh edib.

SEE ALSO: İran Azərbaycanında türkcə kitabların yandırılmasının 76-cı ildönümü qeyd edilib

Sina Yusufi deyir ki, İran höküməti türk dil haqları sahəsində fəaliyyətin bədəlini çox ağırlaşdırıb:

"Bu sahədə çalışmağın bədəlini çox yuxarıya aparıblar. Əlbəttə biz o təbrizli üçün bəraət aldıq, amma qanuni haqqı üzündən 70 gün nəzarətdə saxlanıldı. Bir də Əsgər Fərəci var ki, o da kitab dağıtmağa görə Tehrdan mühakimə olunmuşdu. Mən apellyasiya mərhələsində daxil olmuşdum. Ona toplam 17 il həbs vermişdilər. Əlbəttə başqa ittihamları da var idi. Tövhid Əmir Əmini bu sahədə fəaliyyətlərə görə məhkum olmuşdu. Əlirza Fərşi məhkum olmuşdu. Bu dil mövzusu bizim böyük bir məsələmizdir. Bu sahədə çox çalışmaq lazimdir, həm beynəlxalq səviyyədə, həm də daxildə millətimizin içində,” insan haqları vəkili əlavə edib.