ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə İran və Azərbaycan arasında artan gərginliklər, Azərbaycanın İsraildə səfirliyini açması və regionda geosiyasi durumu şərh edib.
Amerikanın Səsi: İran və Azərbaycan arasında münasibətlərdə son aylar gərginliklər yaşanır. Yanvar ayında Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini Bakının terror hücumu adlandırdığı və diplomatik missiyanın mühafizəçisinin ölümülə nəticələnmiş hücumdan sonra dayandırıb. İran mətbuatında yayılan bəzi məlumatlara görə, İran Azərbaycanla sərhədinə hərbi texnika və silahlar yerləşdirir. İranın son vaxtlar Azərbaycana qarşı aqressiv ritorikasını artırdığı haqda məlumatlar verilir. Bəzi müşahidəçilər Bakı ilə Tehran arasında gərginliyin arta biləcəyini deyirlər. İran və Azərbaycan arasında gərginlik potensial olaraq hərbi münaqişəyə çevrilə bilərmi? Bölgədəki dinamika haqqında nə deyə bilərsiniz?
Pol Qobl: İki ölkə arasında uzun müddətdir ki, gərginlik yaşanır. Hər iki tərəf hərbi manevrlər keçirib. İran son 12-18 ay ərzində bir neçə təlim keçirib və Azərbaycan buna cavab verib.
Bu kimi vəziyyətlərdə kiminsə səhv edə biləcəyi və bunun qarşıdurmaya gətirib çıxara biləcəyi riski varmı? Mənim fikrimcə, var. Bunun genişmiqyaslı müharibəyə səbəb olacağı ehtimalı varmı? Yəqin ki, yox. Hər iki ölkə nə qədər qəzəbli olduqları barədə mesajlar vermək istəsə də işlərin bu istiqamətdə getdiyini görmək istəməmək üçün onların yaxşı səbəbləri var. Təbii ki, baş verə biləcəklər üçün ciddi nəticələri olan hazırda iki hadisə var - bir tərəfdən, azərbaycanlı millət vəkilinə qarşı bir çoxlarının bunun İran tərəfindən edildiyini düşündüyü və bir şəkildə buna cavab verilməsini istədiyi dövlət səviyyəsində terror aktı kimi qiymətləndirilən hücum. Eyni zamanda, Azərbaycanın İsraildə səfirliyini açması.
Azərbaycanın İsraillə uzun illər diplomatik əlaqələri var, amma əslində müsəlman ölkəsi üçün səfirlik açmaq çox böyük hadisədir. Azərbaycanın İsrailyönlü mövqeyi, yəhudi dövləti ilə çox sıx əməkdaşlığının uzun tarixi var. İranlılar bundan məmnun deyillər. Beləliklə, indi gərginlik bir müddət əvvəl olduğundan daha yüksəkdirmi? Bəli. İki tərəf arasında genişmiqyaslı müharibə görəcəyimiz ehtimalı varmı? Mən belə düşünmürəm. Mən hesab edirəm ki, hər iki tərəfin öz maraqlarını müdafiə etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirməsini görəcəyik. Fikrimcə, Tehran mediasının İsraildə səfirlik haqqında dediklərini çox diqqətlə izləməliyik. Hesab edirəm ki, Azərbaycan hökumətinin də azərbaycanlı deputata qarşı hücumu necə araşdıracağını da eyni şəkildə yaxından izləməliyik.
Əgər işlər nəzarətdən çıxsa, əlbəttə ki, o zaman kontroldan çıxmış olacaq. Amma mənim fikrimə görə, hər iki tərəf temperaturu bir qədər yüksəltməkdən çox məmnun olsa da, amma əslində tammiqyaslı müharibəyə səbəb ola biləcək geri dönüşü olmayan hərəkətlər etməyəcək. Hər iki tərəf üçün tərs gedə biləcək çox şey var. Bunu Bakı da, Tehran da bilir.
Amerikanın Səsi: Siz səfirliyin açılmasını qeyd etdiniz. Azərbaycan nəhayət 30 ildən sonra Tel-Əvivdə səfirliyini açıb. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfəri edib. İki ölkə arasında güclü strateji əlaqələr mövcuddur. Azərbaycanın Tel-Əvivdə səfirliyinin açılışından sonra regionun geosiyasi dinamikası haqqında nə düşünürsünüz?
Pol Qobl: Azərbaycan müsəlman ölkəsi olaraq qonşuluqda çox qəti, çox cəsarətli bir xətt tutub. Həmişə özünü müsəlmanların çoxluq təşkil etdiyi dünyəvi dövlət kimi təqdim edib. Buna görə də özünə uyğun şəkildə davranır. Lakin bir çox ölkələr özlərini onlara uyğun şəkildə aparmır. Ona görə də Bakı hökumətini bu işi sona çatdırdığına görə görə yalnız tərifləmək olar. Bu, çox vaxt apardı. Aydındır ki, Azərbaycan bu işdə tələsmək istəməyib. Yəqin ki, bunu çox tez etsə, iranlıların nəyə isə cəhd edə biləcəyi və Azərbaycanda bəzilərinin səfirliyin fəaliyyətinin dayandırılmasına qərar verə biləcəyindən ehtiyat ediblər. Fikrimcə, bunun vaxtı diqqətlə planlaşdırılıb. Düşünürəm ki, bu, azərbaycanlı millət vəkilinə qarşı hücumu daha da şübhəli edir, çünki bu barədə əvvəlcədən elan olunmayıb, ən azı mən heç yerdə görməmişəm. Buna görə də iranlıların qəzəbli olduğunu düşünürəm. Yəni, onlar yəhudi dövlətini məhv etmək istəyirlər. Bunu gizlətmirlər. Onlar həmçinin çox aydın şəkildə bildiriblər ki, onların fikrincə, Azərbaycanın İsrailyönlü mövqeyi İran üçün ümumi təhlükənin bir hissəsini təşkil edir ki, əgər İsrail nə vaxtsa İrana hücum etsə, Azərbaycan ərazisindən İranın hədəflərinə qarşı dronlar və hətta təyyarələr buraxmaq üçün istifadə edəcək.
Beləliklə, səfirliyin açılması irəliyə doğru atılmış böyük bir addımdır və bu gün Azərbaycanda ən önəmli yer tutmalıdır. Bu o dərəcədə vacibdir. Bunun olduqca böyük əhəmiyyəti var və mənim kimi bir amerikalı tərəfindən bu xüsusilə vurğulanmalıdır. Azərbaycan Laçın dəhlizi məsələsi ilə əlaqədar son üç ayda təbliğat baxımından bəzi real zərbələr alıb. Bu, bir çox cəhətdən Azərbaycanın iki mühüm müttəfiqi olan ABŞ və Böyük Britaniya kimi ölkələrdə Azərbaycan üçün pozitiv xəbərlər gətirəcək. Buna görə də bunun Bakıya böyük köməyi olacaq.
Amerikanın Səsi: Moskvada xarici işlər naziri Lavrov iranlı həmkarı Hüseyn Əmirabdullahiyanla görüşündə Bakı və Tehran arasında gərginliklərin müvəqqəti oluğuna inandığını və Rusiyanın iki ölkəyə problemlərin həllində kömək etməyə hazır olduğunu bildirib. Moskvanın Ukraynaya müdaxiləsindən sonra Rusiya və İran hərbi əməkdaşlığı gücləndirib. Rusiya və İran arasında hərbi əməkdaşlığın qonşu ölkələrə hansı təsirləri var? Bu, regiona hansı dinamikanı gətirir?
Pol Qobl: Hər dəfə cənab Lavrovu dinləyəndə soruşmaq lazımdır ki, o, başqa nə söyləyə bilərdi? Müəyyən mənada bunun o qədər böyük məsələ olmadığını və Rusiyanın kömək edə biləcəyini söyləmək sadəcə özünü danışıqlar masası arxasında saxlamaq deməkdir. Bunun bir əhəmiyyətli mənası yoxdur. Bu, Rusiyanın yeni mövqe tutduğunu göstərmir. Bu, sadəcə olaraq o deməkdir ki, `biz hələ də buradayıq, bizim hələ də burada olduğumuza laqeyd yanaşmayın`.
Məncə, önəmli olan Moskvanın indi digər ölkələrin, deyək ki, Gürcüstanın, ya da Ukraynanın İrana qarşı Azərbaycanla çox sıx birləşə biləcəyindən narahat olmasıdır. Bu, şübhəsiz ki, Qərb dövlətləri tərəfindən müsbət qarşılanacaq, şübhəsiz ki, İsrailin də alqışlayacağı bir şey olardı. Bu, baş versə, Tehrana diqqətini nəzərə alsaq, Rusiyanı daha çox təcrid olunmuş vəziyyətdə qoyacaq. Buna görə də, `biz hələ də buradayıq, lütfən, bizi diqqətdən kənarda qoymayın` və `biz danışıqlara kömək edə bilərik` deməklə cənab Lavrov sadəcə olaraq Moskvanı masa arxasında saxlayır. Məncə, bunun çox da əhəmiyyəti yoxdur. Düşünürəm ki, Cənubi Qafqazda son iki-üç ildə uzunmüddətli tendensiya Rusiyanın tənəzzülü ilə bağlıdır. Ona görə də mən cənab Lavrovun və ya Moskvada başqa birinin Qafqaz haqqında dediklərini oxuyanda ilk sualım həmişə o olur ki, onlar başqa nə deyə bilərlər? Əgər onlar həqiqətən bir şey etməyə hazır olsaydılar və ya nəsə edə bilsəydilər başqa bir şey deyə bilərdilər. Amma onlar hazır deyillər və heç nə edə bilmirlər.