Martın 15-dən 30-a kimi İran yollarında baş verən yol qəzaları nəticəsində ölənlərin sayı 629 nəfərə çatıb.
Bu statistikanı Gilan vilayətinin baş komandanı, İran İslam Respublikası Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radanla birgə mətbuat konfransında açıqlayıb. Bu statistik məlumatları verən rəsmi deyir ki, faktiki rəqəmlər daha çox ola bilər.
İran Azərbaycanı vilayətlərində Novruz bayramı günlərində insanların daha çox səfərə çıxdıqları üçün baş verən yol qəzalarında çoxlu sayda adam həyatını itirib.
Şərqi Azərbaycan yol polisinin rəisi polkovnik Rza Kəriminejadın martın 29-da İRNA dövlət xəbər agentliyinə verdiyi statistikaya əsasən, vilayətin yollarında baş verən qəzalar nəticəsində 417 nəfər xəsarət alıb. Onun sözlərinə görə, martın 15-dən 29-dək Şərqi Azərbaycan vilayətində baş verən yol qəzalarında 10 nəfər ölüb.
Habelə Təbriz Tibb Elmləri Universitetinin təcili yardım üzrə məsulu Dr. Əsgər Cəfəri Ruhi İRNA-ya bildirib ki, təcili yardım işçiləri yol qəzası əməliyyatları ilə bağlı 1116 hadisə yerinə göndərilib.
Zəncan vilayətində bu müddət ərzində yol qəzalarında ölənlərin sayı 9 nəfər olub. İran mediasının Ərdəbil vilayəti ilə bağlı dərc etdiyi son statistika da bu vilayətdə yol qəzalarında 9 nəfərin öldüyünü göstərir. Qərbi Azərbaycan vilayətində isə yol qəzalarında ölənlərin sayı açıqlanmayıb.
Ümumiyyətlə İran mediasında yayımlanan son məlumatda qəzalarda yaralananların və ölənlərin dəqiq statisitk məlumatları hələ ki, yayımlanmayıb. Lakin Mazandaran, Fars, İsfahan və Semnan kimi vilayətlərində yol qəzalarının intensiv şəkildə artdığı bildirilir.
İran yollarının vəziyyəti kritik olduğu ölkələrdən biridir. Qəzaya meylli və müasir standartlara uyğun olmayan yollar və yerli istehsal avtomobilləri və pis sürücülük mədəniyyəti İranda qəzaların sayını artıran əsas amillərdəndir.
İran yol polisinin 2017-ci il hesabatına görə, 1998-ci ildən bəri yol qəzalarında 280 minə yaxın insan ölüb, 4 milyondan çox insan yaralanıb.