AXCP fəalı Zamin Salayevin azad edilməsi tələbilə etiraz aksiyası keçirilib

Your browser doesn’t support HTML5

Bu gün, martın 30-da Ədliyyə Nazirliyinin binası qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayevin həbsdən azad edilməsi tələbilə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları "Zamin Salayevə azadlıq!", "Siyasi məhbuslara azadlıq!", "Zamin Salayevi öldürmə", "Polis, haqqa yol ver" kimi şüarlar səsləndiriblər.

Polis əməkdaşları aksiya iştirakçılarının Ədliyyə Nazirliyinin binasına yaxınlaşmasına icazə verməyib.

AXCP-dən verilən məlumata görə, aksiya zamanı ümumilikdə 50-dən çox adam saxlanılıb və Yasamal rayon polis şöbəsinə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, saxlanılanlar barəsində məlumat yoxdur, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.