Çərşənbə günü İran Azərbaycanının bəzi şəhərlərində fərqli qruplar məişət vəziyyətləri ilə əlaqədar piket və aksiya təşkil edib.
Mart ayının 28-də İran Azərbaycanı daxil olmaqla, İranın müxtəlif vilayətlərində çox sayda təqaüdçü və çalışan müəllim mitinq təşkil etmişdilər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, müəllimlər çərşənbə günü də bəzi şəhərlərdə aksiya keçirməyə davam ediblər.
Sosial mediada da yayılan görüntülərdə çox sayda müəllimin Urmiyənin Xəyyam küçəsində yerləşən Qərbi Azərbaycan vilayətinin təhsil baş idarəsinin önündə aksiya keçirdiyi görünür.
Müəllimlər aksiyada bahaçılıq, maaşların aşağı olması və tam ödənilməməsinə etiraz olaraq şüarlar səsləndirib.
Agentlik həmin gün Həmədan şəhərində də bir mitinq keçirildiyini bildirib.
Taksi ödənişlərinin artırılmasını tələb edən sürücülər gəlirlərinin minimum həyat xərclərini ödəməyə yetmədiyini önə çəkib.