Dövlət Departamentində Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin təşkil etdiyi Novruz tədbiri

Your browser doesn’t support HTML5

Dövlət Departamentində Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin təşkil etdiyi Novruz tədbiri

Martın 21-də Vaşinqtonda ABŞ Dövlət Departamentində Azərbaycan səfirliyinin Türkiyə və Mərkəzi Asiyanın beş ölkəsinin səfirlikləri ilə birlikdə təşkil etdiyi Novruz bayramı tədbiri keçirilib. Dövlət Departamenti və ABŞ Müdafiə nazirliyinin rəsmilərinin iştirak etdiyi tədbirdə Birləşmiş Ştatların Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin regionun inkişafı, sülh və təhlükəsizliyin gücləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Dövlət Departamentinin Amerika Diplomatiyası Milli Muzeyində keçirilən Novruz tədbiri bu il Azərbaycan səfirliyinin təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyə səfirliklikləri ilə birgə təşkil edilmişdi. Tədbir iştirakçıları Yaxın Şərq və Qafqaz, Cənub-Şərqi və Mərkəzi Asiyada qeyd edilən Novruzun mədəniyyət, dil və siyasi sərhədləri aşaraq, yeni başlanğıcların simvolu olduğunu qeyd etdilər.

ABŞ Dövlət katibinin müavini Vendi Şerman tədbir iştirakçılarına video mesajında Novruz bayramının dirçəliş, sülh, ümid dövrü olduğunu vurğuladı və bayram təbriklərni çatdırdı.

“Novruz dirçəliş və yenilənmə, barışıq və düşüncə, sülh və imkan, həmrəylik və ümid vaxtıdır. Bu, təkcə yeni mövsüm deyil, bu həm də geridəkilərə yekun vurmaq, bizi əhatə edən nemətləri qəbul etmək və qarşıdan gələn il üçün imkanlardan istifadə etmək üçün yeni bir fürsətdir. Baharın gəlişi ilə şirin təamlarla ən əziz ənənələrin qeyd olunması üçün yenidən toplaşmaq imkanı yaranır. Qoy bu bayramın adətləri hamı üçün sağlamlıq və xoşbəxtlik, ümid və sevinclə dolu bir il gətirsin.”

ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Rebekka Zimmerman müdafiə naziri Lloyd Austinin Mərkəzi Asiya, Azərbaycan və Türkiyəli tərəfdaşlarına dünyada milyonlara insanın qeyd etdiyi ən qədim bayramlardan biri olan Novruz bayramı münasibətilə təbriklərini çatdırdı. O, Birləşmiş Ştatlarla region ölkələri arasında tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğuladı.

“Təxminən otuz il əvvəl ABŞ Mərkəzi Asiya dövlətlərinin müstəqilliyini alqışlayan ilk ölkələr sırasında idi. Biz regional tərəfdaşlarımızın təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik. Keçən il ərzində çox şey dəyişsə də, biz tərəfdaşlığı dəyərləndirməyə davam edirik. Bu tərəfdaşlıq Mərkəzi Asiyada sülh və təhlükəsizliyi təşviq edərək, regional əməkdaşlığı gücləndirməkdə davam edir.”

Rebekka Zimmerman son 30 il ərzində ABŞ və region ölkələri arasında təhlükəsizlik sahəsində uğurlu əməkdaşlığı qeyd edərək, ikitərəfli və çoxtərəfli mübadilələrin sabit və firavan regionun təmin olunmasına töhfə verdiyini bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Amerikanın Səsinə Dövlət Departamentində Novruz tədbirinin Birləşmiş Ştatlarla region ölkələri arasında münasibətlərin inkişafına dəstəyin nümayişi olduğunu bildirib.

“Azərbaycan bunun təşəbbüskarıdır. Biz Mərkəzi Asiya, dost ölkələrlə birlikdə, qardaş Türkiyə ilə birlikdə bu tədbiri ilk dəfə olaraq Dövlət Departamentində keçiririk. Bunun da önəmi çox böyükdür və hərtərəflidir. Bunun mədəni aspekti var, burada yığışan insanlar yalnız amerikalılar deyil. Bütün diplomatik korpus buradadır, mədəniyyət işçiləri, tələbələr, jurnalistlər buradadır. Yəni hər təbəqənin nümayəndəsi var burada. Eyni zamanda, bunun təbii ki, müəyyən bir siyasi anlamı da var: Azərbaycanın da, böyük bir coğrafiyanın ortada olması, Azərbaycanın nə qədər dostlarının olması. Və bizlər birlikdə olaraq bölgənin ölkələrinin məhz Novruz ab-havası ilə `bölgəmiz birdir, biz sülh istəyirik, biz yaxşılıqlar, inkişaf gətiririk` - bu gözəl mesajları bizim rəqslərimiz, yeməklərimiz, sözlərimizlə həm Amerika tərəfinə, həm də ki burada olan xarici qonaqlara veririk. Eyni zamanda, çıxış edənlər də yəqin ki, hər kəs gördü həm ABŞ rəsmiləri, həm digər təmsiçilər hamı bölgəyə dəstək, hər bir ölkəyə dəstək və münasibətlərin inkişafına dair mesajlar verdilər.”

Dövlət Departamentində Novruz bayramı münasibətilə keçirilən tədbirdə Qazaxıstanın “Turan” folklor ansamblının üzvləri və Amerikanın “İpək Yolu” rəqs ansamblının ifasında Azərbaycan və Mərkəzi Asiya ölkələrinin rəqsləri böyük rəğbətlə qarşılandı.