ABŞ Dövlət Departamenti martın 20-də dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb.
Hesabatın Azərbaycan bölümündə qeyd edilir ki, Azərbaycanda əsassız həbslər, sərt, bəzən isə həyat üçün təhlükəli həbsxana şəraiti, siyasi məhbuslar, ölkə xaricində ayrı-ayrı şəxslərə qarşı siyasi motivlərlə qisasçılıq, ədliyyənin müstəqilliyi ilə bağlı problemlərin olması, şəxsi həyata müdaxilə, ifadə və media azadlığının məhdudlaşdırılması, internet saytlarının bloklanması, sərbəst toplaşmalara faktiki qadağan, hərəkət azadlığının pozulması, sistematik hökumət korrupsiyası, LGBTQI+ qarşı təzyiqlər, uşaq əməyinin istismarı kimi hallar barədə məlumatlar daxil olub.
Bundan əlavə illik hesabatda qeyd edilir ki, 2022-ci ilin sentyabrında Ermənistan və Azərbaycan arasında baş vermiş zorakılıqlar itki və saxlanmalarla nəticələnib.
Məlumatda qeyd olunur ki, tərəflər bir-birini ittiham edirlər və Avropada İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.
Sənəddə deyilir ki, habelə Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz və qəddarlıqla qətllər, alçaldıcı və pis rəftara dair inandırıcı məlumatlar var.
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar...
Hesabatda "Tərtər işi" ilə bağlı qeydlər də yer alıb. Sənəddə bildirilir ki, bu iş üzrə istintaq bərpa edilsə də, hələlik casusluqda ittiham olunan 12 nəfər həbsdə qalır.
Sənəddə bir sıra başqa şəxslərin – fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin qanunsuz saxlanmasından və ya həbs olunmasından bəhs olunur və deyilir ki, Azərbaycanda ümumiyyətlə həbs və saxlanma zamanı qanunsuzluqlara yol verilməsi davam edir. Qeyd olunur ki, ölkədə zaminə buraxma sistemi mövcud olsa da, hakimlər ötən il ərzində bu prosedurdan istifadə etməyiblər.
Bundan əlavə sənəddə qeyd edilir ki, Azərbaycan Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin işgəncələrə yol verdiyinə dair xəbərlər gəlməkdə davam edib.
"Bu xəbərlərdən birinə görə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Mail Kərimov və Süleyman Ələkbərov ötən ilin mayın 20-də məhkəmə dinləməsinə gəldiklərinə görə işgəncəyə məruz qalıblar. Onlar iddia ediblər ki, onları tanımadıqları yerə aparıblar, döyüblər və zorlama ilə hədələyiblər. Bundan sonra onların bir daha məhkəməyə gəlməyəcəklərini bəyan etməsi videoya çəkilib", departamentin hesabatında deyilir.
Bundan əlavə bildirilir ki, MBH-nin başqa bir üzvü – Elgiz Məmmədov elə məhkəmənin həyətində həbs olunub. O həbsdə olduğu bir ay müddətində işgəncəyə məruz qaldığını və polislər tərəfindən zorlandığını iddia edib.
Həbs prosedurları və məhbuslarla rəftar
"Qanunda nəzərdə tutulur ki, saxlanılan, həbs edilən və ya cinayət törətməkdə ittiham olunan şəxslər, lazımi hüquqi proses, o cümlədən öz hüquqları haqqında dərhal məlumatlandırılmaq və tutulmalarının səbəbi və dərhal vəkilə müraciət etmək hüququ var", hesabatda deyilir.
Sənəddə qeyd edilib ki, lazımi prosesə əməl olunmur, siyasi motivli hesab edilib və təqsirləndirilən şəxs qismində cəlb edilən şəxslər tez-tez bir sıra saxta cinayət ittihamları ilə həbs ediliblər. Hesabatda deyilir ki, vətəndaş cəmiyyəti nümayəndələrini müdafiə edən vəkillər qısnamalara məruz qalırlar.
Hesabatda bu kimi qanunsuzluqlarla üzləşmiş Tofiq Yaqublu, Bəxtiyat Hacıyev, Elçin Sadıqov və bir sıra başqalarının adları çəkilir.
Sənəddə qeyd olunur ki, ədliyyə sisteminin müstəqilliyi təmin edilməyib, hakimlər və prokurorlar xüsusilə də siyasi baxımdan həssas məsələlərdə prezident administrasiyasından təlimat alırlar.
Qeyd olunur ki, məhkəmələr bir çox hallarda qanunsuz yolla – işgəncə və təzyiqlə alınmış ifadələr əsasında hərəkət edirlər və əksinə, işgəncələr barədə sübut və materialları qəbul etmir, vəsatətləri rədd edirlər.
Xaricdəki fəallar, şəxsi həyata müdaxilə
Sənəddə deyilir ki, ölkə xaricindəki siyasi fəallara, jurnalistlərə və başqa şəxslərə qarşı zorakılıqlar barədə iddia və xəbərlər var. Bunların sırasında Almaniyadakı bloger Orxan Ağayevin, fəal Tural Sadıqlının, Fransada yaşayan Məhəmməd Mirzəlinin, Vidadi İsgəndərovun, Manaf Cəlilzədənin adları çəkilir.
Hesabatda habelə insanların şəxsi həyatlarına müdaxilələrdən söz açılır və deyilir ki, ötən il ərzində bir sıra internet saytları və sosial medialar şəxsi həyatla bağlı sızdırılmış foto, video və səs yazılarını yayıblar.
Bu da bildirilir ki, bu sızmaların bir çoxu ilə hakimiyyətin və təhlükəsizlik xidmətlərinin əlaqəsi olduğuna inanılır.
İfadə azadlığı və media
Sənəddə qeyd edilir ki, qanun söz azadlığını təmin edir, höküməti mətbuata senzuranı açıq şəkildə qadağan edir, amma bu hüquqlar müntəzəm olaraq pozulur.
"Hökumət ifadə azadlığını məhdudlaşdırdı və media müstəqilliyini məhdudlaşdırdı. Jurnalistlər, redaktorlar və müstəqil bloqçular hədə-qorxu ilə qarşılaşıb, döyülüb, bəzən də həbs edilib," sənəddə bildirilir.
Hesabatda deyilir ki, Media İnkişafı Agentliyi də daxil olmaqla hakimiyyət media üzərində nəzarət həyata keçirir.
Qeyd olunur ki, ötən ilin fevralında qəbul edilmiş yeni media qanunu belə nəzarətin daha da gücləndirilməsinə rəvac verir.
Sənəddə bildirilir ki, ötən il ərzində Baş Prokurorluq və Müdafiə Nazirliyi "saxta informasiyaların yayılmasına" görə jurnalistlərə, blogerlərə və sosial media istifadəçilərinə xəbərdarlıqlar edib. Onlardan bir neçəsi inzibati qaydada cəzalandırılıb.
Ölkədə AzadlıqRadiosu da daxil olmaqla birt sıra xarici yayımçılar üzərində qadağa qüvvədədir.
Hesabatda habelə ötən ilin mayında jurnalist Aytən Məmmədovanın liftdə boğazına bıçaq dirəyərək, hədələndiyi qeyd olunur. Məmmədova bildirirdi ki, o bu hücumların "Nərmin işi" barədə yazıları ilə bağlı olduğunu düşünür.
Hesabatda qeyd olunur ki, hakimiyyətə bağlı olmayan medialar maddi ehtiyac içərisində fəaliyyət göstərir.
"Siyasi partiyalar haqqında" qanun
Sənəddə qeyd olunur ki, ötən ilin dekabrında qeyri-şəffaf şəkildə qəbul olunmuş "Siyasi Partiyalar haqqında" qanun siyasi partiyaların fəaliyyət meydanını daha da məhdudlaşdırıb.
Sənəddə deyilir ki, hökumət qanunla bağlı demokratik təsisatların, o cümlədən Venesiya komissiyasının tövsiyələrini nəzərə almayıb.
"Hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə hökmranlığını davam etdirir. Siyasi partiyalar çox vaxt rəsmi qeydiyyatdan keçə bilmirdilər," hesabatda qeyd edilib.
Bundan əlavə hesabatda qeyd edilir ki, müxalifət partiyaları ofis sahəsini icarəyə götürməkdə çətinlik çəkir. Həmçinin başqa siyasi partiyalar qeydiyyat, maliyyələşmə, sərbəst toplaşma və təşkilatlanma kimi məsələlərdə çətinliklərlə üzləşirlər.
Hesabatda habelə əmək hüquqları, həmkarlar ittifaqları, gender bərabərliyi, azlıqların və uşaqların müdafiəsi sahəsindəki bir sıra qüsurlardan və qanun pozuntularından bəhs olunur.
Qeyd: Azərbaycanın rəsmi qurumları Dövlət Departamentinin hesabtına hələ münasibət bildirməyib. Amma rəsmi Bakı bir qayda olaraq beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Azərbaycan rəsmiləri ölkədə fundamental hüquqların, o cümlədən söz, fikir, media, toplaşmaq azadlığının tam təmin edildiyini bildirir. Hüquq-mühafizə rəsmiləri isə işgəncələr, qeyri insani rəftarla bağlı məlumatları təkzib edir. Rəsmilər insanların əqidəsinə görə təqib edilmədiyini və siyasi məhbusların olmadığını deyir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Həmçinin Avropa Şurasının Venesiya komissiyası ölkədə yeni qəbul edilmiş "Media haqqında" və "Siyasi Partiyalar haqqında" qanunların Avropa standartlarına uyğun olmadığını bildirib.