Saatlı sakini: Haqqını tələb edirsən, su istəyirsən, üstünə "dubinkalıları" göndərirlər

Your browser doesn’t support HTML5

Saatlının Orta Muğan kənd sakinlərinin dediyinə görə, nə içməyə, nə də əkinə su tapırlar. Gileylənirlər ki, bu vəziyyət illərdir davam edir.

"Deyirlər torpağınız var, dolanın, amma maraqlanan yoxdur ki, bununla biz necə dolanaq? 10 ildir su üzünə həsrətik. Son 5-6 ildir, ümümiyyətlə, su yoxdur. Özümüz də, mal-qaramız da susuzluqdan qırılır" , kənd sakini İbad Əsgərov deyir.

Artıq tarlalarda əkin başlayıb. Kənd sakini Elmar Əhmədov deyir ki, suvarma işini öz vəsaitləri hesabına həyata keçirməyə məcbur qalırlar, bu da onları borc-xərc içində batırır:

"Taxılın qıt, unun baha vaxtı taxıllarımızı şor su ilə sulayırıq. O nə məhsul verəcək? Öz hesabımıza əkib-becəririk, axırda da mal-heyvanımızı satırıq, bankdan kredit götürürük, zavodun borclarını qaytarırıq. May ayı gəlir, bostan əkəcəm, su dərdindən qalıb".

Kəndlilər deyir ki, problemlərilə bağlı dəfələrlə müvafiq dövlət strukturlarına müraciət etsələr də, nəticəsi olmayıb. Beləliklə, onlar problemlərinə daha çox diqqət çəkmək üçün qonşu Nabatkənd sakinlərilə birgə etiraz aksiyası keçiriblər.

Polislər etiraz aksiyasına müdaxilə edib, kənd sakinləri arasında xəsarət alanlar olub. Onlardan biri də Əkbər Sarıyevdir:

"Sabirabad, Saatlı, Hacıqabulun Xüsusi Təyinatlı Qüvvələri qarşımızı kəsdilər. Silahla, "dubinkayla" qarşımızı aldılar, onlarla əlbəyaxa olmağa məcbur qalıdıq. Mənim başıma da "dubinkayla" zərbə endirdilər, səhərə qədər ağrısından yata bilməmişəm".

"Haqqını tələb edirsən, su istəyirsən, əli "dubinkalı" polisləri göndərirlər bu əliyalın millətin üstünə. Zülm ərşə çıxıb, baxan yoxdur", kənd sakini İbad Əsgərov deyir.

Saatlı rayon icra hakimiyyətinin Orta Muğan kənd üzrə nümayəndəsi suallarımıza cavab verməkdən imtina edib. Kənd sakinləri də rəsmilərin hələlik bir açıqlama vermədiklərini deyir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətindən Turan İnformasiya Agentliyinə bildirilib ki, Saatlı rayonuna əməkdaş ezam olunub, tədbirlər nəzərdə tutulub.