Şəhid olan Ukrayna müharibəsi qəhrəmanlarının on dörd uşağı ABŞ-ın yerli könüllüləri sayəsində Kolorado ştatının Denver şəhərində iki həftəlik tətil imkanı əldə edib.
Kristina Mordik Ukraynanın Mariupol şəhərindəndir. Onun atası Ukrayna Milli Qvardiyasında xidmət edib və 2022-ci ildə Azovstal polad zavodunda gedən döyüşlərdə həlak olub. Kristinanın anası yeddi ay rus əsirliyində qalıb. Həlak olmuş ukraynalı müharibə qəhrəmanlarının digər 13 övladı ilə birlikdə Kristina yerli könüllülər sayəsində iki həftə Koloradoda qalmaq şansı əldə edib.
"Mən tyubinqi sevirəm. Donat kimi görünən təpələrdən endik. Təbiət son dərəcə gözəldir. Bu fürsətə, burada yaşadığımız emosiyalara görə çox minnətdaram".
14 ukraynalı uşağın ABŞ-da tətili Ukrayna icmasından olan yerli könüllülər, eləcə də yerli təşəbbüskarlar və yerli Metodist kilsəsi sayəsində mümkün olub.
"Bunu təşkil etmək ideyası könüllülərimizdən biri - keçmiş Milli Qvardiyanın üzvü bizdən həlak olmuş Ukrayna əsgərlərinin uşaqlarının buraya gətirilməsi barədə düşünməyimizi xahiş edib" - deyə, Ukrayna Yardım Fondundan Janna Overçuk bildirib.
Könüllülərin ideyası işə düşüb və qrup tez bir zamanda bunu həyata keçirmək üçün kifayət qədər pul toplayıb.
"25 min dollar topladıq. Baxmayaraq ki, biz əvvəlcə 20 000-i hədəfləmişdik və bu, bizi çox sevindirdi. Çoxlu sponsor və qayğıkeş insanlarlar var. Uşaqların təbəssümlərini görürük və bunun boş yerə olmadığını bilirik", Janna Overçuk əlavə edib.
Anna Datsko Lvovdandır. Onun atası 2022-ci ilin aprelində Luhansk vilayətində həlak olub.
"Mən buradakı insanları sevdim. Onlar inanılmazdır. Bir çox yeri ziyarət etdik. Şəhərləri, amma ən çox virtual reallıq muzeyini sevdim".
Hər gün kiçik səyahətlər, turlar olur. Ukrayna üçün Koloradalılar Fondunun könüllüləri bir gəzinti təşkil etdilər.
"Bu gün qatarla Pikes zirvəsinə getməliyik. Dağın hündürlüyü 4000 metrdir. Tanrılar bağına da gedib, orada bir az gəzinti edəcəyik. Biz uşaqlara gözəl təcrübə vermək istəyirik", könüllü Hanna Burzha deyib .
Tətil zamanı uşaqlar Kolorado Sprinqsdəki yerli Ukrayna icması ilə də görüşüb, Kolorado Baş Assambleyasını ziyarət, dağ xizək kurortunda və bir neçə basketbol oyununda iştirak edib.
"Mən böyük basketbol azarkeşiyəm. Özüm də oynayıram, ona görə də oyuna baxmaq mənim üçün inanılmaz idi" - deyə, iştirakçı Vlad Hriqorev bildirib.
Hriqorev Odessadandır. Atası döyüşdə ağır yaralanıb. Lakin uzun bir reabilitasiya prosesindən sonra o, yenidən cəbhə bölgəsinə qayıdıb. İndi o, Baxmutda döyüşür.
Uşaqları yerləşdirən yerli ailələrin çoxu isə gələcəkdə ukraynalılara daha çox kömək etmək istədiklərini deyir.