Sosial mediada paylaşılan videolarda şənbə günü Təbriz stadionunda futbol matçı zamanı 'Traktor' komandasının tərəfdarları tərəfindən "Azadlıq, ədalət, milli hökümət" şüarının səsləndirildiyi görünür.
Keçən sentyabr ayında İranda baş qaldıran kütləvi etirazlardan sonra xüsusilə İran Azərbaycanında populyarlaşan şüar Təbrizin Traktor və Kirmanın Mis komandaları arasındakı matç zamanı səsləndirilib.
"Azadlıq, ədalət, milli hökümət" şüarı ilk dəfə 2021-ci ilin iyul ayında İranın ərəb icmasının yaşadığı Əhvaz bölgəsindəki su qıtlığı ilə əlaqədar etirazlara dəstək məqsədilə Təbrizdə keçirilən aksiyalar zamanı populyarlaşdı.
Şüar İran Azərbaycanından əlavə ölkənin digər bölgələrində yaşayan türklərin də diqqətini çəkib. Keçən ilin oktyabr ayında Şirazda Qaşqay türklərinin tanınmış alimi Əsədullah Mərdani Rəhiminin dəfn mərasimində bir qrup Qaşqay türkü eyni şüarı səsləndirdilər.
SEE ALSO: “Türk qadını qalx, al haqqını!” - Təbriz stadionunda qadınlara dəstək şüarlarıİranda 'türk kimliyinin simvolu' kimi tanınan Təbrizin Traktor futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə "Urmiyə Gölünün qurudulması" və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.