Freedom House: Azərbaycan qeyri-azad ölkələr sırasındadır

Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı altında aksiya keçirib.

Freedom House hüquq müdafiə təşkilatı növbəti “Dünyada Azadlıq-2023" illik hesabatını açıqlayıb.

Hesabatda qlobal azadlıqların artıq 17-ci ildir davamlı gerilədiyi qeyd edilir.

Məlumata görə, ötən il dünyada qeyri-azad sayılan 57 ölkədən 16-nın siyasi hüquqlar və mülki azadlıqlar üzrə balı ən aşağı həddə olub.

Hesabatda Azərbaycan siyasi hüquqlar və vətəndaş azadlıqları üçün azad olmayan 57 ölkədən, aşağıda adları sadalanan 16 ən pis ümumi xala malik ölkələr sırasındadır. Belə ki, Cənubi Sudan, Türkmənistan, Suriya 1, Tacikistan 7, Əfqanıstan və Belarus 8 bal yığıb. Azərbaycan isə 9 balla Çin, Myanma, Yəmən kimi ölkələrlə bir sırada yer alıb.

“Son 17 il ərzində hesabatın media azadlığı göstəricisi üzrə 4 baldan 0 bal alan ölkə və ərazilərin sayı 14-dən 33-ə yüksəlib. Bununla yanaşı 2022-ci ildə azı 157 ölkə və ərazi media azadlığının təzyiq altında qalması ilə eyni göstəricilər səviyyəsində olub. Şəxsi ifadə azadlığı ilə bağlı müvafiq göstərici üzrə xallar da illər ərzində məxfiliyə daha çox müdaxilə, təqib və hədə-qorxu, həm onlayn, həm də oflayn rejimdə özünüsenzuraya təşviqlər fonunda zərər çəkib”, sənəddə qeyd edilib.

Freedom House azadlıq və demokratiyanın ən çox geriləmə ilə üzləşməsinin səbəbləri sırasında müharibə, çevrilişlər, qanunsuz liderlərin demokratik qurumlara basqısı göstərilir.

Hesabatda Rusiya Prezidenti Vladimir Putinin “avtoritar rejimi”inin Ukraynanın “çətinliklə qazandığı demokratik prosesi boğmaq üçün” 2022-ci ilin fevralında bu ölkəyə müharibəyə başladığı qeyd olunur.

Freedom House Azərbaycanda və Qazaxıstanda parlametin media orqanları və jurnalistlərə əlavə məhdudiyyətlər tətbiq etdiyini, yeni qanunvericilikdə xarici onlayn platformalardan yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsinin tələb olunduğu bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, demokratikləşmə bəzi ölkələrdə də öz yerini tuta bilməyib.

"Sovet İttifaqının dağılmasından sonra yaranan dövlətlərin əksəriyyətində sovet dövründən qalma əlaqələri kleptokratik şəbəkələrə çevirən, üzvlərini zənginləşdirən, adi vətəndaşları isə yoxsullaşdıran "güclü adamlar" üstünlük təşkil edir. Bu korrupsioner avtoritar rejimlər eyni zamanda qeyri-sabitliyi qızışdırıb və bütün regionda demokratiyaları təhdid edib. Moskvanın Ukraynaya qarşı müharibəsindən əlavə, digər son münaqişələr arasında Tacikistan və Qırğızıstan arasında sərhəd toqquşmaları, Azərbaycan qüvvələrinin Ermənistana artan müdaxilələri daxildir", hesabatda qeyd edilir.

Azərbaycan rəsmiləri bu hesabata hələ ki, münasibət bildirməyib. Aidiyyatlı orqanlardan hesabatla bağlı Amerikanın Səsi şərh ala bilməyib.

Amma rəsmi Bakı Azərbaycanda fundamental azadlıqların, o cümlədən söz və mətbuat, birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret ittihamlarla mühakimə olunaraq həbs edildiyini bildirir. Bundan əlavə işgəncə və qeyti-insani rəftar barədə məlumatları da hüquq mühafizə orqanları bir qayda olaraq qəbul etmir və qərəzli sayır. Həmçinin Azərbaycan hakimiyyəti sülh sazişi imzalamağa hazır olduğunu, Ermənistanın bu prosesi yubatdığını bildirib. Buna görə Azərbaycan rəsmiləri beynəlxalq təşkilatların hesabatlarını qərəzli adlandırır.