ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Bakıya səfəri çərçivəsində Luis Bono dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir.
ABŞ rəsmisi Ermənistan və Gürcüstana da səfər edəcək.
Martın 6-da Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bononu qəbul edib.
Rəsmi məlumata görə, İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə edib.
"Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı"məlumatda deyilir.
Öz növbəsində ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğulayıb ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.
Martın 2-də ənənəvi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, Luis Bononun Cənubi Qafqazın hər üç ölkəsinə ilk səfəri olacaq.
Ned Prays bildirib ki, səfər dövlət katibi Blinkenin Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüşlərini davam etdirmək üçün fürsət olacaq.
"Münhendə keçirilən üçtərəfli görüşün yekununda qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirak etmək üçün son səyləri bizi ruhlandırır. Cənab Bono bu səylərə əsaslanaraq irəliləyişin davam etdiyini görəcəyinə ümid edir. Bütün bu üç şəhərdə (Bakı, Yerəvan, Tbilisi) cənab Bono ABŞ-ın Cənubi Qafqazın dinc, demokartik və firavan gələcəyinə sadiqliyini vurğulayacaq”, Ned Prays qeyd edib.
Xatırlatma
Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.
“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, Dövlət katibi görüşdən sonra Twitter hesabında qeyd edib.