İran Azərbaycanında məktəbli qızların zəhərlənməsi ilə əlaqədar keçirilən aksiyalarda həbslər baş verib

Təbrizdə Həzrəti Məsumə qız məktəbi

İran Azərbaycanı daxil olmaqla İranın müxtəlif şəhərlərində qız məktəblərində ardıcıl şəkildə baş verən kütləvi zəhərlənmə halları vüsət alaraq davam edir.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Təbriz və Ərdəbil kimi şəhərlərdə zəhərlənən şagirdlərin yaxınları tərəfindən təşkil olunan etiraz aksiyalarında bir neçə nəfər saxlanılıb.

Aksiyalar ilə əlaqədar saxlanılanlardan Pejman Müinin adı məlum olub. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Müin Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

İlk dəfə keçən noyabr ayında İranın dini təhsil mərkəzi olan Qum şəhərindəki qız məktəblərində baş verən zəhərlənmə hadisələri son həftələrdə artaraq ölkənin müxtəlif vilayətlərinə yayılıb.

Zəhərlənmə olayları nəticəsində İran Azərbaycanı daxil olmaqla, müxtəlif şəhərlərdə çox sayda məktəbli qız xəstəxalanalara yerləşdirilib. Qum şəhərində zəhərlənmələr ilə əlaqədar bir məktəbli qızın öldüyünə dair xəbərlər yayılıb.

SEE ALSO: İran Azərbaycanında qız məktəblərində zəhərlənmə halları davam edir

İran rəsmiləri indiyədək hadisələrin səbəbi və mənşəyi ilə bağlı ictimaiyyətə dəqiq məlumat verməyiblər.

İranın Daxili İşlər Naziri Əhməd Vəhidi hadisələr ilə bağlı yayımladığı bəyanatda “zəhərlənmə hallarının ciddi şəkildə araşdırıldığını” bildirib.

“Sahə araşdırmalarında şübhəli nümunələr aşkar edilib. Nümunələr üzərində ölkənin etibarlı laboratoriyalarında ixtisaslaşdırılmış tədqiqat aparılır,” nazirin açıqlamaları İran hökümətinin dolat.ir saytında dərc edilib.

Bəzi iranlı müxalif qüvvələr zəhərlənmə hadisələri ilə bağlı İran rəsmilərini günahlandırırlar. İrandakı sünni müsəlmanların ən nüfuzlu lideri sayılan Mövləvi Əbdülhəmid deyib ki, heç kəs rəsmilərin qızların zəhərlənməsinin təfərrüatını bilmədiyinə inanmır.

“Bir çox vətəndaş deyir ki, məktəbli qızların zəhərlənməsi son kütləvi etirazlar zamanı tətbiq olunan repressianın davamıdır və keçən aylarda məktəblərdə [hökümət əleyhinə] etirazlarını nümayiş etdirən şagirdlər indi də bu şəkildə cəzalandırılırlar,” Möləvi Əbdülhəmid Zahidan şəhərinin cümə namazı xütbələrində dilə gətirib.

Son zamanlar İranda qızlar üçün məktəblərdə zəhərlənmə halları bəziləri tərəfindən hökumətin keçən il Məhsa Əminin hicab qaydalarına düzgün əməl etmədiyi iddiası ilə saxlandıqdan sonra polis nəzarətində ölümündən sonra baş qaldırmış hökumət əleyhinə etirazlarda öndə gedən qadınlar və tələbələrin rejim tərəfindən cəzalandırılması kimi qiymətləndirilir.