ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycanın İranla sərhəd bölgəsinə səfər edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.
"Müvəqqəti işlər vəkili Qevara Azərbaycanın cənub sərhədi boyunca narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ABŞ tərəfindən verilmiş avadanlıqların istifadə olunmasını müşahidə etmək üçün Dövlət Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət edib", məlumatda deyilir.
Azərbaycan sərhədçiləri mart ayının ilk günlərində ümumi çəkisi 62 kiloqram 764 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, martın 1-də Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1 nəfər saxlanılıb. Saxlanılan Ağsu rayon sakini Məmməd Manafovdan ümumi çəkisi 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli Metadon-40 həbi aşkar olunaraq götürülüb.
Mətbuat Mərkəzi bildirir ki, martın 2-də Astara rayonu Alaşa kəndi yaxınlığında naməlum şəxslərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Sərhəddə Şirvan şəhər sakinləri Əli Əliyev, Arif Balayev və Kamal Mirzəyev saxlanılıb. Şəxslərin üzərinə baxış zamanı ümumi çəkisi 10 kiloqram 155 qram narkotik maddə marixuana aşkar olunaraq götürülüb. Saxlanılarkən Arif Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib, qaça bilməyəcəyini anladıqa isə üzərində olan bıçaqla özünə xəsarət yetirib. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Martın 2-də Yardımlı rayonu Zevin kəndi yaxınlığında ümumi çəkisi 8 kiloqram 609 qram narkotik maddə marixuana və 63 qram civənin, Füzuli rayonu Aşağı Yağlıvənd kəndi yaxınlığında ümumi çəkisi 18 kiloqram 400 qram narkotik vasitənin ( 17 kq 400 qram marixuana, 400 qram heroin, 500 qram tiryək), Astara şəhəri yaxınlığında ümumi çəkisi 7 kiloqram 100 qram narkotik maddə marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Xatırlatma
Ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.
İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.
Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, ötən ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.
Komissiyanın digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.