Ceyhun Bayramov İran XİN başçısının müavini ilə Azərbaycan səfirliyinə terror hücumunu müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini Mehdi Səfəri ilə görüşüb.

XİN-dən verilən məlumata görə, İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini

Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdədi.

Görüş zamanı Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünün gündəliyi üzrə işlər, eləcə də Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan irəli gələn məsələlər müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinə edilən hücumunu törədənin, təşkilatçı və sifarişçilərinin müəyyən edilməsi və onların müvafiq şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib.

"Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyətini bir daha vurğulayan nazir Ceyhun Bayramov, diplomatik nümayəndəliklərin binalarının, habelə onun əməkdaşlarının hər cur hücumlardan qorunmasının təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğunu diqqətə çatdırıb", məlumatda deyilir.

Nazir terror hücumunun təfərrüatlarının və video çəkilişlərin Azərbaycan tərəfindən incələndiyini, bu istiqamətdə istintaqın davam etdiyini, Azərbaycan tərəfində terrorla bağlı bir sıra mövcud sualların İran tərəfindən cavablandırılmasının zəruri olduğunu vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomatla səfirliyin mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Tehran Cinayət Məhkəməsinin prokuroru bildirib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan səfirliyinə hücumu terror aktı kimi qiymətləndirib.

"Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram", o bildirib.

Prezident terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başladıldığını bildirib.

Məlumatda deyilir ki, faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2 (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1 (terrorçuluq), 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başladılıb.