Azərbaycanda fevral ayı ərzində 9 qadın, 1 yeniyetmə qətli baş verib

Azərbaycanda feminist fəallar üzərində "Qadın qətlləri siyasidir" yazılmış plakatlarla aksiya keçirir. 

Azərbaycan Kütləvi İnformasiya Vasitələri Daxili İşlər Nazirliyinə istinadən fevral ayı ərzində məişət zorakılığı zəminində 9 qadın və yeniyetmə qətlinin baş verdiyi haqda xəbər verib.

Fevralın 2-də Sabunçu rayonu, Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, yeniyetmə və anasının həyatını xilas etmək mümkün olmayıb.

Fevralın 4-də Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Şərəfova bıçaqla qətlə yetirilib.

Hadisə ilə əlaqədar onun qardaşı, 1992-ci il təvəllüdlü Şahiq Şərifli polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Fevralın 6-da Cəlilabad rayonu, Muğan kəndində 1992-ci il təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1987-ci il təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Fevralın 10-u Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub.

Fevralın 11-də Xəzər rayonu Binə qəsəbəsində 1968-ci təvəllüdlü Pakizə Məmmədovanın yaşadığı ünvanda kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının həyat yoldaşı 1967-ci il təvəllüdlü Aydın Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və həmin şəxs saxlanılıb.

Fevralın 16-da Yevlax şəhərində 2003-cü il təvəllüdlü Başxanım Salmanova qətlə yetirilib. 20 yaşlı qadın başına tüfəngdən açılan atəş nəticəsində öldürülüb.

Məlumatda bildirilir ki, qətli törətməkdə şübhəli bilinən, yetkinlik yaşına çatmayan qardaşı saxlanılıb.

Fevralın 19-da Abşeron rayonu, Xırdalan şəhərində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə qətlə yetirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 49 yaşlı qadının qətlinə görə oğlu şübhəli bilinir.

“Araşdırmalarla cinayət əməlini qadının oğlu, 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Orxan Hüseynzadə tutularaq istintaqa təhvil verilib”.

Fevralın 19-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının əri 1982–ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

Fevralın 19-da Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova qətlə yetirilib.

Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, həmin vaxt evdə 42 yaşlı Gülnar Məmmədova ilə yanaşı, Namiq Allahverdiyev də qətlə yetirilib.

32 yaşlı Namiq Allahverdiyevin odlu silahla öldürüldüyü, qadının isə bıçaqla qətlə yetirildiyi bildirilir.

“Hadisənin Gülnar Məmmədovanın əri, 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb”, – prokurorluqdan bildirilib. Namiq Allahverdiyev hadisə baş verən evdə usta işləyirmiş.

Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadınlara qarşı cinayətlərin sayının ildən-ilə artdığını qeyd edirlər. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiyalar keçirib. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə qadın qətlləri artmaqda davam edəcək.

Hüquq müdafiəçilərinin hesablamalarına görə, 2021-ci il ərzində təkcə mediada 72 qadın qətli xəbəri yer alıb. Qadınlardan 43%-i həyat yoldaşları tərəfindən öldürülüb. 2021-ci ildə qeydə alınan məişət zorakılığı cinayətləri əvvəlki ildən 19% çoxdur (1499 cinayət). Məişət zorakılığından zərər çəkənlərin 78,5%-i qadındır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAID və BMT-nin İnkişaf Proqramının "Qadınlara və Qızlara Dəstək Olaq" layihəsi çərçivəsində birgə açıqlamasında deyilir ki, Azərbaycanda rəsmi statistik məlumatlar onu göstərir ki, 2019-cu ildə ən azı 1038 qadın məişət zorakılığının qurbanı olub. 2020-ci ilin mart-sentyabr aylarında isə qadınlara qarşı 679 cinayət faktı qeydə alınıb.

Baş Prokurorluq bildirib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır.

"Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarım ili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!", deyə müraciətdə deyilir.

Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun 2010-cu ildən qüvvədədir.