AXCP fəalı Zamin Salayevin 21 gündür aclığı davam etdirdiyi bildirilir

Zamin Salayev

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 21 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti ağır olaraq qalır. O şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

Bu barədə Zamin Salayevlə telefon danışığından sonra onun ailəsindən Amerikanın Səsinə deyiblər.

“Atam dedi ki, yaxın günlərdə quru aclığa keçəcək, su içməkdən də imtina edəcək. 21 gündür aclıq etməsinə baxmyaraq hələ də ümimi kamerada saxlanılır. Həkim nəzarəti yoxdur. Artıq 20 kiloqramdan çox çəki itirib. Nə ombudsman, nə təcridxananın tibb hissəsi atamla maraqlanmır,” Salayevin oğlu Amerikanın Səsinə deyib.

Vəkil Nemət Kərimli fevralın 24-də Amerikanın Səsinə bildirib ki, Zamin Salayevin səhhətində ciddi problemlər yaranıb, ağzından qan gəlir.

"Qanunsuz olaraq onun ailəsi və yaxınları ilə görüşünə qadağa qoyulub", vəkil qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

"Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar", o fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.