Xocalı faciəsindən 31 il ötür - AXCP "Ana fəryadı" abidəsini ziyarət edib

Fevralın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyası Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən "Ana fəryadı" abidəsini ziyarət edib.

AXCP sədri Əli Kərimli Xocalı faciəsini hər il olduğu kimi bu il də anmaq üçün abidə önünə gəldiklərini deyib:

"Düz 31 il öncə azərbaycanlılardan ibarət bir qəsəbə yalnız azərbaycanlı olduğu üçün dəhşətli cinayətlərə məruz qaldılar. Aradan 31 il keçib, günahkarların böyük əksəriyyəti təəssüf ki, hələ də cəzasını almayıblar. Hər il 26 fevralı ananda biz onun da fərqində olmalıyıq ki, müharibə cinayətlərində, insanlıq əleyhinə olan cinayətlərdə müddət axımı yoxdu. Qarabağdakı Rusiya ordusunun qərargahının Xocalıda yerləşdirilməsi isə rəmzi məna daşıyır. Sanki bununla bir daha bizim yadımıza salırlar ki, o zaman o qətliamı törədənlər ilk növbədə 366-cı sovet alayının zabitləri, hərbiçiləriydilər".

Ziyarət zamanı AXCP-nın üzvləri ilə YAP-nın üzvləri arasında insident yaşanıb. Belə ki, YAP üzvləri partiya bayraqları ilə AXCP üzvlərinin ziyarətinə müdaxilə ediblər:

Your browser doesn’t support HTML5

Xocalı faciəsindən 31 il ötür

"2014-cü ildən başlayaraq bu ilki ziyarətə qədər birinci dəfədir ki, biz hər hansı təxribat görmürdük. Mən buna təəccüblənmişdim, çünki ilbəil hər hansısa təxribat törədilir. Bu il öz aləmlərində bu formada planlaşdırıblar. Bizim hamımız üçün acı olan belə bir gündən siyasi məqsədlər üçün istifadə olunur. Bu millətin hətta acısına da yaşamağa imkan verilmir, xırda siyasi intriqalarından əl çəkə bilmirlər. Azərbaycan xalqı bunu görməlidir, xalq onu hansı təfəkkürdə insanlar tərəfindən idarə olunduğunu görməlidir və bilməlidir ki, siyasətə təsadüfən qoşulmuş bu insanlar əslində öz kürsü maraqlarından başqa heç bir ümumimilli maraq haqqında düşünmürlər" - deyə, Əli Kərimli bildirib.