Azərbaycanda Xocalı qurbanlarının xatirəsi anılıb

Xocalı faciəsi

Xocalı faciəsindən 31 il keçir.

Fevralın 26-da Azərbaycan prezidenti, hökumət üzvləri, deputatlar, diplomatik korpusların rəhbərləri, on minlərlə insan Bakının Xətai rayonunda Xocalı qurbanlarının faciəsini əks etdirən "Ana fəryadı" abidəsini ziyarət edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi də başsağlığı verib.

"Biz bu gün azərbaycanlıların matəminə qoşulur və 1992-ci ildə Xocalıda həyatını itirən şəxslərin ailələrinə başsağlığı veririk", səfirliyin fevralın 26-da yaydığı məlumatda deyilir.

Azərbaycanın Hərbi Prokurorluğunun məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə divan tutub. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-nin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.

"Cinayət işi üzrə ümumilikdə 81 minə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 28 min 500-dək şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, 30 mindən artıq şəxs isə şahid qismində dindirilib. Həmçinin 18 mindən çox şəxs mülki iddiaçı qismində tanınıb, 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, 31 mindən çox prosessual qərar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib".

Hərbi prokuror Xanlar Vəliyevin sözlərinə görə, Xocalının "işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon 250 min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub".

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.