Ukrayna paytaxtı Kyivə gözlənilməz səfərindən sonra prezident Co Bayden Polşa paytaxtı Varşavada Rusiyanın hərbi müdaxiləsinin ildönümü münasibətilə nitqində ABŞ-ın NATO və Qərbi Ukraynaya dəstək məsələsində necə birləşdirdiyini vurğulayıb. Prezident Bayden Rusiyanın Ukraynaya təcavüzünün başlamasından bir il sonra Kyievin möhkəm dayandığını və Rusiya prezidenti Vladimir Putinin Ukraynanı lazımınca qiymətləndirmədiyini bildirib. ABŞ lideri Varşava çıxışında "Rusiyanın Ukraynaya heç vaxt qalib gələ bilməyəcəyini" deyib.
ABŞ prezidenti Co Bayden Polşa paytaxtı Varşavada keçən il Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir ay sonra çıxış etdiyi Kral Qəsrində nitq söyləyib. O, çıxışında Qərb alyansının Kyivin özünü müdafiə etməsinə kömək etmək səylərini dəstəkləyib.
“Bir il əvvəl dünya Kyivin süqutuna hazırlaşırdı. Mən Kyivdən yenicə qayıtmışam və deyə bilərəm ki, Kyiv güclü olaraq dayanır. Kyiv fəxrlə dayanır. Ayaqdadır və ən əsası azad olaraq dayanır,” prezident Bayden bildirib.
Eyni gündə Rusiya prezidenti Vladimir Putin parlamentdə rusiyalı qanunvericilər qarşısında çıxış edərək, ABŞ və NATO-nun onun ölkəsini strateji cəhətdən məğlubiyyətə uğratmaq istədiyini bildirib. O, nüvə silahlarına nəzarətə dair Yeni START müqaviləsində Rusiyanın iştirakını dayandırdığı deyib və nüvə sınaqlarını bərpa etməklə hədələyib.
“Bu il fevral ayının əvvəlində Şimali Atlantika alyansı Rusiyadan strateji hücum silahlarına dair müqavilənin icrasına qayıtmağı, o cümlədən nüvə müdafiə obyektlərimizin yoxlanılmasına icazə verilməsini onların dediyi kimi tələb edən de-fakto bəyanat verdi. Düzü, mən buna nə ad verəcəyimi bilmirəm. Bu, absurd teatrıdır,” Vladimir Putin bildirib.
Rusiya vətəndaşlarına birbaşa müraciət edən Bayden Qərbin “düşmən olmadığını” vurğulayıb.
“Qərb bu gün Putinin dediyi kimi, Rusiyaya qarşı hücum planlaşdırmırdı və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla Rusiya vətəndaşı düşmən deyil. Bu müharibəyə heç bir ehtiyac olmayıb. Bu, faciədir,” ABŞ prezidenti bildirib.
Bayden vitse-prezident Kamala Harrisin bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın Moskvanın Ukrayna xalqına qarşı “insanlığa qarşı cinayətlər” törətdiyinə dair nəticə çıxardığı ilə bağlı dediklərini təkrarlayıb.
Prezident Bayden prezident Andjey Duda ilə görüşərək, ona Polşanın Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib və NATO tərəfdaşını Rusiyanın Polşaya hücum edəcəyi təqdirdə Vaşinqtonun cavab verəcəyinə əmin edib.
Polşa 1,5 milyondan çox ukraynalı qaçqını qəbul edib və milyardlarla dollar dəyərində silah yardımı və humanitar yardım göstərib.
Ağ Ev Moskvanın Baydenin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün bazar ertəsi Kyivə gözlənilmədən səfər etməsindən əvvəl Rusiyadan təhlükəsizlik zəmanəti alması ilə bağlı iddiasını rədd edib.
Zelenski bu görüşün birgə qələbə olduğunu bildirib.
“Biz 2023-cü ili qələbə ili edə bilərik və bunu etməliyik,” Volodimir Zelenski deyib.
Prezident Bayden Vaşinqtona qayıtmazdan əvvəl NATO-nun şərq cinahında yerləşən Buxarest Doqquzluğu adlandıran qrupa daxil olan ölkələrin liderləri ilə görüşüb.