İran Azərbaycanında milli fəallar Beynəlxalq Ana Dili Gününü qeyd edib

Ərdəbildə tələbələr Beynəlxalq Ana Dili Gününü qeyd edib

Bu gün 21 Fevral Beynəlxalq Ana Dili Günü İran Azərbaycanında və türklərin yaşadığı bölgələrdə milli fəallar tərəfindən müxtəlif formalarda qeyd edilib və ana dilində təhsilin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Milli Hərəkatına bağlı internet saytlarında və sosial mediada dərc olunan məlumata görə, İran Azərbaycanının müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Muğan, Şəbistər, Urmiyə və Ərdəbildə milli fəallar türkcə kitablar paylayaraq, plakatlar açaraq bu günü qeyd ediblər.

Ərdəbil vilayətinin şimalında yerləşən Muğan (Parsabad) şəhərində milli fəallar şəhərdə uşaqlar üçün uyğun Azərbaycan türkcəsində kitablar paylayaraq, bu gündə ana dilində təhsilin vacibliyini vurğulayıblar.

İran Azərbaycanının Muğan şəhərində türkcə kitablar paylanıb

Ərdəbilin dövlət universitetinin bir qrup tələbəsi Beynəlxalq Ana Dili Gününə Universitetin Mədəni və Sosial işlər üzrə prorektorunun binası qarşısında əllərində ana dilinin əhəmiyyətindən, ana dilində təhsilin qadağan olunmasından bəhs edən pankart tutaraq, İran Azərbaycanında ana dilində təhsilə icazə verilmədiyinə etiraz ediblər. “Neçə dil bilən neçə insandır ana dilin bilməyən necə inşandır” -deyə, plakatın üzərində yazılıb.

Həmçinin Şəbistər şəhərində əllərində “Dünyalıq Ana Dili günü qutlu olsun” yazılı plakat tutan bir qrup milli fəal fotlarını sosial şəbəkələrdə paylaşaraq, Beynəlxalq Ana Dili Gününün əhəmiyyətinə və ana dilində təhsilin əhəmiyyətinə ictimai rəyi cəlb etməyə çalışıblar.

Milli fəalların sosial şəbəkələrdə yaydıqları şəkillərdə Tehran yaxınlığındakı şəhərlərdən biri olan və xeyli sayda Azərbaycan türkünün yaşadığı Kərəc şəhərində üzərində “Ana dilimizi qoruyaq” yazılmış afişaların quraşdırıldığı görünür.

İranın Kərəc şəhərində Ana Dili Günü münasibətilə afişalar quraşdırılıb

Həmçinin Təbriz Tibb Elmləri Universitetinin tələbələri Səhənd Mədəniyyət Ocağı olaraq Beynəlxalq Ana Dili Günü münasibətilə mərasim keçirib və tələbələr arasında ana dilində təhsilin əhəmiyyətindən bəhs edən broşürlər paylayıblar.

Səhənd Mədəniyyət Ocağı Ana Dili Günü mərasimi keçirib

İranda ana dilində təhsil almaq hüququnu tələb edən azərbaycanlı milli fəallar hökumətin təzyiqləri ilə üzləşir. Beynəlxalq Ana Dili Gününü qeyd edən bir çox güneyli fəal, o cümlədən son zamanlarda həbsdən azad edilən Əlirza Fərşi və Tovhid Əmir Əmini həmin günü qeyd etdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb uzun müddətli həbslərə məruz qalıblar.

İran İslam Respublikasının Konstitusiyasında “yerli dillərin tədrisi azadlığı” məsələsinin yer almasına baxmayaraq, İran İslam Respublikasının yaranmasından 44 il keçməsinə baxmayaraq, məktəblərdə Azərbaycan türkcəsinin tədrisi üçün hər hansı bir ciddi addım atılmayıb.

SEE ALSO: İran Azərbaycanında türkcə dərslik nəşr edilmədi

İslam Respublikasının rəsmiləri, o cümlədən İrandakı Azərbaycan vilayətlərinin valiləri və parlamentdəki bəzi millət vəkilləri dəfələrlə məktəblərdə türkcənin tədrisi ilə bağlı vədlər versələr də indiyədək xalqın bu tələbinin yerinə yetirilməsi üçün heç bir əməli tədbir görülməyib.

SEE ALSO: İlham Əliyev: İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik

Keçən il noyabrda Azərbaycan prezidenti İlham Əliyev Bakıda ADA Universitetində keçirilən beynəlxalq konfransın açılışında bu məsələyə münasibət bildirərək, İranda Azərbaycan dilində tədrisin həyata keçirilməməsini tənqid edərək, "İran azərbaycanlılarının "dilin ədəbi komponentini itirirdiyini" və beləliklə Azərbaycan dilinin "sadəcə məişət səviyyəsində qaldığını" bildirmişdi.