İsrail Dəməşqin mərkəzində binaya raket zərbələri endirib

Polis işçiləri Suriya paytaxtı Dəməşqin mərkəzində raket hücumuna məruz qalmış Kafr Souza rayonunda zədələnmiş binanın dağıntılarını arasında dayanıb, 19 fevral 2023-cü il.

Fevralın 18-i axşam saatlarında Dəməşq və ətrafına endirilən aviazərbələr nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər yaralanıb. Bu barədə Suriyanın SANA dövlət agentliyi və Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Suriya tərəfi raket zərbələrinin İsrail Müdafiə Qüvvələri tərəfindən Qolan təpələri istiqamətindən həyata keçirildiyini iddia edir. Müdafiə Nazirliyinin məlumatına görə, raketlərin əksəriyyəti vurulub, lakin onların bir hissəsi yaşayış məntəqələrinə düşüb.

Reuters xəbər agentliyinin məlumatına əsasən, raketlərdən biri Dəməşqin mərkəzində təhlükəsizlik kompleksinin yaxınlığında düşüb, lakin detallar açıqlanmayıb.

Agentliyin bildirdiyinə görə, İsrailin zərbəsinin konkret hansısa şəxsi hədəf alıb-almadığı məlum deyil, lakin Qərb kəşfiyyatında iki mənbə hədəfin İran İslam İnqilabı Keşikçiləri Korpusunun binadakı logistika mərkəzi olduğunu bildirib.

İsrail raket zərbələri ilə bağlı açıqlama verməyib.